Kaxa Kaladze: Budapeştdə urbanistik inkişaf və suverenliyə dəstək müzakirə olundu – ÖZƏL

Olaylar.az xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze Macarıstanın paytaxtı Budapeştə etdiyi iki günlük rəsmi səfərin yekunları ilə bağlı açıqlama verib. Mer, Gürcüstan üçün azadlıq, demokratiya və ölkənin suverenliyi dəyərlərini bölüşən, ortaq maraqlara malik beynəlxalq tərəfdaşların dəstəyinin çox vacib olduğunu vurğulayıb.

Kaladze səfər çərçivəsində Macarıstanın Xarici İşlər naziri Peter Siyarto ilə görüşüb. Görüşdə iki ölkə arasındakı dostluq əlaqələri və onların dərinləşməsi perspektivləri müzakirə edilib.

Merin sözlərinə görə, regional vəziyyət, Rusiya-Ukrayna müharibəsinin yaratdığı ağır vəziyyət və bütün dünya üçün ciddi çağırış olan "tətbiq edilən psevdo-liberal ideologiya" xüsusi diqqət mərkəzində olub.
Macarıstanın Xarici İşlər naziri ölkəsinə tam dəstəyini bir daha ifadə edib və Baş nazir Viktor Orbanın Gürcüstanın suverenliyinə dəstəyi barədə sözlərini çatdırıb.

Gürcüstan nümayəndə heyəti səfər zamanı Avropa şəhərlərinin urbanistik inkişafı üzrə Beynəlxalq Konfransda iştirak edib. Kaladze bildirib ki, konfransda şəhərlərin qarşısında duran əsas çağırışlar və onların həlli yolları müzakirə edilib.
Xüsusilə, ictimai nəqliyyatın inkişafı, hərəkətin rahatlığı, habelə qəzalı binalar və köhnəlmiş liftlərin dəyişdirilməsi proqramları barədə məlumat verilib. Mer qeyd edib ki, Gürcüstan nümayəndə heyəti Avropa şəhərlərinin oxşar problemlərə necə cavab verdiyini dinləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31