Pentaqon bu həftə “Siqnal” qalmaqalı ilə bağlı hesabatı açıqlayacaq- ÖZƏL
3 Dekabr 2025 10:18 DünyaPentaqon bu həftə ABŞ Müdafiə Nazirliyində baş vermiş "Siqnal" qalmaqalı ilə bağlı araşdırma hesabatını ictimailəşdirəcək. Olaylar.az xəbər verir ki, bu barədə məlumatı CBS telekanalı mənbələrə istinadən yayıb.
Məlumata görə, Pentaqonun baş inspektoru hazırladığı hesabatın surətini artıq Konqresə göndərib. Sənədin redaktə olunmuş və məxfi olmayan versiyası isə dekabrın 4-də açıqlanacaq. Qeyd edək ki, araşdırma səkkiz ay əvvəl- qanunvericilərin tələbi ilə başlanmışdı. Aprel ayında baş inspektor vəzifəsini icra edən Stiven Stebbins bildirmişdi ki, araşdırmanın məqsədi müdafiə naziri və nazirlik əməkdaşlarının kommersiya messencerlərindən istifadə qaydalarına əməl edib-etmədiyini müəyyənləşdirməkdir.
Qalmaqal ABŞ rəsmilərinin "Siqnal" messencerindən dövlət sirri hesab olunan məlumatları müzakirə etməsi fonunda yaranmışdı. 11 martda "The Atlantic" jurnalının baş redaktoru Ceffri Qoldberq "Mike Waltz" adlı istifadəçidən "Signal"a qoşulmaq üçün bildiriş aldığını açıqlayıb. İki gün sonra o, ABŞ administrasiyası rəsmilərinin Yəməndəki husi hədəflərinə planlaşdırılan hava zərbələrini müzakirə etdiyi qrup söhbətinə əlavə edilib.
Jurnalistin iddiasına görə, 15 martda "Pete Hegseth" adlı istifadəçi qrupda hücumların detalları və ehtimal olunan vaxtı ilə bağlı məlumat paylaşıb. Qoldberqin dediyinə görə, həmin vaxtlar sosial şəbəkələrdə bombardman xəbərlərinin yayıldığı anlarla üst-üstə düşüb.