Aİ-də korrupsiya qalmaqalı fon der Leyen-Kallas gərginliyini dərinləşdirir- ÖZƏL
3 Dekabr 2025 09:46 DünyaAvropa İttifaqında (Aİ) baş verən korrupsiya qalmaqalı Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas arasında gərginliyi daha da artıracaq. Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Brüsseldə Aİ diplomatik xidmətində aparılan korrupsiya araşdırmalarının fonunda iki qurum-Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidməti arasında nüfuz mübarizəsi daha da kəskinləşib. Nəşrin danışdığı Aİ rəsmisi bildirib ki, fon der Leyenin fəaliyyətini qəbul etməyən qüvvələr bu qalmaqaldan ona qarşı istifadə etməyə çalışırlar. Onun sözlərinə görə, "Aİ-nin ən tanınan lideri" olan fon der Leyeni bütün institutların fəaliyyətinə görə günahlandırmaq ədalətsiz olardı.
Qalmaqal Belçika polisinin və Avropa Prokurorluğunun Brüsseldə Avropa Xarici Fəaliyyət Xidmətinin ofisində, Brügqedəki Avropa Kollecində və bir neçə şəxsi ünvanda apardığı axtarışlardan sonra alovlanıb. Axtarışlar zamanı üç nəfər saxlanılıb. Onların tender saxtakarlığında, o cümlədən Avropa Kollecində gənc diplomatların hazırlanması proqramı ilə bağlı korrupsiya əməllərində iştirakda şübhəli bilindiyi açıqlanıb.
Belçika mediası daha əvvəl istintaq çərçivəsində Aİ diplomatik xidmətinin keçmiş rəhbəri Federika Mogerini və qurumun keçmiş baş katibi Stefano Sanninonun da saxlanıldığını yazmışdı.
Hadisələr fonunda Macarıstan hökumətinin rəsmisi Zoltan Kovaç Aİ rəhbərliyini ikili standartlarda ittiham edib. O, sosial şəbəkədə yazıb ki, "Bürüssel başqalarına qanunun aliliyindən dərs keçdiyi halda, öz institutları kriminallıqla bağlı seriala bənzəyir". "Politico" daha əvvəl Kallasın komandası ilə fon der Leyenin ofisi arasında münasibətlərin uzun müddətdir gərgin olduğunu, iki tərəfin Aİ daxilində təsir uğrunda mübarizə apardığını yazmışdı.