Avropa Komissiyası Rusiya aktivlərinin Ukraynaya verilməsi üçün hüquqi baza hazırlayır- ÖZƏL

Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə müsadirəsi üçün hüquqi əsaslar hazırlayır. Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Komissiya dekabrın 3-də bu proses üçün hüquqi arqumentləri təqdim etməyi planlaşdırır. AK bunun üçün Avropa İttifaqı haqqında Müqavilənin 122-ci maddəsinə istinad etməyi nəzərdə tutur. Həmin maddə üzv ölkələrə iqtisadi vəziyyətə uyğun olaraq "dövlətlər arasında həmrəylik ruhunda" qərarlar qəbul etməyə imkan verir.
Nəşrin yazdığına görə, Komissiya bu müddəanı elə şərh etmək istəyir ki, maliyyə məsələlərinin sanksiyaların davamı üçün əhəmiyyətini əsas götürərək qərarın qəbulunda kvalifikasiya olunmuş çoxluğun səsi kifayət etsin. Bu isə Macarıstanın veto hüququnu faktiki olaraq aradan qaldıra bilər.
Dekabrın 1-də Aİ-nin ali diplomatı Kaya Kallas bildirib ki, Avropa Komissiyası 18-19 dekabr tarixli Aİ sammitində Rusiya aktivlərinin ekspropriasiyası ilə bağlı qərar qəbul etməyə hazırlaşır.
Qeyd edək ki, Avropada dondurulmuş Rusiya suveren aktivlərinin ən böyük hissəsi - təxminən 200 milyard avro Belçikadakı Euroclear platformasında saxlanılır. Oktyabrın 23-də Brüsseldə keçirilən Aİ sammitində bu vəsaitlərin istifadəsi ilə bağlı razılaşma əldə olunmamışdı. Belçikanın Baş naziri Bart de Vever aktivlərdən istifadəyə görə bütün maliyyə risklərinin üzv ölkələr arasında bərabər bölüşdürülməsini tələb etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31