Tramp Maduroya vaxt veribmiş...

Noyabr 21-də keçirilən telefon danışığında ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Madurodan bir həftə ərzində ölkəsini tərk etməsini tələb edib.

Olaylar.az xəbər verir ki, məlumatı "Reuters" yayıb.

Agentliyin mənbələrinə görə, onlar arasında söhbət 15 dəqiqədən az davam edib. Zəng zamanı Tramp "Maduroya ailəsi ilə birlikdə Venesuelanı tərk etmək və istədiyi istənilən yerə getmək üçün bir həftəsi olduğunu" bildirib. Məlumatda bu müddətin 28 noyabr cümə günü başa çatdığı, bu səbəbdən də Trampın 29 noyabrda "Truth Social"da "bütün aviaşirkətlər, pilotlar, narkotik və insan alverçiləri"nə  "Venesuela üzərindəki hava məkanını tamamilə bağlı" olduğuna dair məlumatla çıxış etdiyi bildirilir.

Məlumata görə, Maduro ailə üzvlərinə "bütün ABŞ sanksiyalarının ləğvi də daxil olmaqla tam hüquqi əfv" veriləcəyi təqdirdə ölkəni tərk etməyə hazır olduğunu bildirib. Maduro həmçinin ona qarşı Beynəlxalq Cinayət Məhkəməsindəki işin və 100 Venesuela məmuruna qarşı ABŞ sanksiyalarının ləğvini tələb edib. O, həmçinin Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodrigezin yeni seçkilər keçirilənə qədər keçid hökumətinə rəhbərlik etməli olduğunu vurğulayıb. Mənbələrə görə, Tramp Maduronun tələblərinin "əksər hissəsini rədd edib".

Agentliyin məlumatına görə, Maduronun Venesueladan mümkün gedişi ilə bağlı danışıqlar davam edə bilər.

Qeyd edək ki, dünən Tramp Milli təhlükəsizlik siyasəti üzrə komandası ilə Venesuelaya dair vəziyyəti müzakirə edib. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31