ABŞ təhlükə yaradan ölkələrdən gələnlərin girişinə tam qadağa təklif edir- ÖZƏL
11:08 DünyaABŞ-ın Daxili Təhlükəsizlik Naziri Kristi Noem təhlükə mənbəyi hesab olunan ölkələrin vətəndaşlarına ölkəyə girişin tam qadağan edilməsini təklif edib. Olaylar.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə X-də yazıb. "Noem bildirib ki, o, bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampla görüş keçirib və ölkəyə "dövləti qatil, parazit və narkotik aludəçiləri ilə dolduran bütün lənətəgəlmiş ölkələrin" vətəndaşlarının girişinin tam qadağan edilməsini tövsiyə edib."
Nazir hansı ölkələrin nəzərdə tutulduğunu dəqiqləşdirməyib. Lakin bundan əvvəl ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti 19 ölkədən gələn sığınacaq müraciətçilərinə verilmiş "yaşıl kartların" qanuniliyinin yoxlanılması ilə bağlı araşdırma başlatdığını açıqlamışdı. Söhbət aşağıdakı ölkələrin vətəndaşlarından gedir: Əfqanıstan, Burundi, Venesuela, Haiti, İran, Yəmən, Kuba, Laos, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Syerra-Leone, Toqo, Türkmənistan, Çad, Ekvatorial Qvineya və Eritreya.
Bundan əlavə, ABŞ rəsmiləri xarici vətəndaşlardan gələn yeni sığınacaq müraciətlərinin qəbulunu da müvəqqəti dayandırıb. Bu addımlar ötən həftə ABŞ Milli Qvardiyasının döyüşçülərinə qarşı baş verən silahlı hücum fonunda atılıb.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, administrasiyası ölkəyə daxil olan sığınacaq axtaran şəxslərin deportasiyasını sürətləndirəcək və "üçüncü dünya ölkələrindən" gələn insanların yerləşdirilməsini qeyri-müəyyən müddətə dayandıracaq. Dövlət katibi Marko Rubio isə bildirib ki, ABŞ Əfqanıstan vətəndaşlarına viza verilməsini müvəqqəti dayandırır.
Xatırladaq ki, 26 noyabrda Vaşinqtonun mərkəzində, admiral Devid Farragutun adını daşıyan skverin yaxınlığında Milli Qvardiya hərbçilərinə atəş açılmışdı. Hadisə yerinin Ağ Evdən məsafəsi təxminən 300 metrdir. Hücum nəticəsində şübhəli şəxs və iki qvardiyaçı yaralanmış, sonradan hərbçilərdən biri xəstəxanada vəfat etmişdi. Kristi Noemin sözlərinə görə, şübhəli 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra müttəfiqlərin qəbul proqramı çərçivəsində ölkəyə gətirilmiş əfqan vətəndaşı olub.