Teoloq: Ermənistanda 10 yepiskopun birdən-birə vəzifədən kənarlaşdırılması real görünmür – ÖZƏL
2 Dekabr 2025 10:45 DünyaErmənistan Apostol Kilsəsində davam edən gərginlik fonunda 10 "üsyankar" yepiskopun eyni zamanda vəzifədən kənarlaşdırılması məqsədəuyğun deyil.
Olaylar.az xəbər verir ki, bu fikri teoloq Pargev Barseqyan Sputnik Ermənistan-a açıqlamasında bildirib.
Xatırladaq ki, əvvəlcə arxiyepiskoplar Mikael və Baqrat Kilsə adından bəyanat yayaraq, Katolikosdan Arxiyepiskoplar Şurasını çağırmağı və 10 yepiskopun vəzifədən uzaqlaşdırılmasını tələb etmişdilər. Eçmiədzin isə 10-12 dekabr tarixlərində son hadisələri və kilsədaxili məsələləri müzakirə etmək üçün Şura iclasının keçiriləcəyini açıqlayıb.
Barseqyan hesab edir ki, Kilsə belə sərt addıma getməyəcək:
"Düşünmürəm ki, onlar birdən-birə 10 yüksək rütbəli din xadimini vəzifədən kənarlaşdırmağa qərar versinlər. Bu, Kilsənin daxili işidir, amma bunun indilikdə məqsədəuyğun olduğunu düşünmürəm", - deyə o bildirib.
Teoloq əlavə edib ki, belə addım vəziyyəti daha da kəskinləşdirə və yeni "antikatalikosat"ın yaranması ilə bağlı narahatlıqları artıra bilər. Lakin o, XXI əsrdə bunun mümkün olmadığını vurğulayıb: "Bu gün nə kilsə, nə də dövlət orta əsrlərdəki kimi güclü deyil və həmin dövrün şərtləri ilə hərəkət edə bilməz".
Barseqyanın sözlərinə görə, Qərb ölkələri də bu kilsə-dövlət qarşıdurmasına qarışmaqda maraqlı deyil, çünki hazırda öz problemləri ilə məşğuldur.
Teoloq hesab edir ki, gərginlik uzun müddət davam edə bilər və prosesin necə nəticələnəcəyi hələlik müəmmalıdır.