NATO: Ukrayna münaqişəsinin yaxın vaxtda bitməsi gözlənilmir - ÖZƏL

NATO-nun Ukraynaya Təhlükəsizliyə Yardım və Təlim Missiyasının (NSATU) komandirinin müavini, Almaniya Bundesverinin general-mayoru Mayk Keller hesab edir ki, Ukraynada davam edən münaqişənin tezliklə sona çatacağı gözlənilmir. Olaylar.az xəbər verir ki, o, bunu "Die Welt" qəzetinə müsahibəsində deyib. "Hazırda müharibənin sonu görünmür", - deyə Keller vurğulayıb. Onun sözlərinə görə, bu şəraitdə Qərbin əsas vəzifələrindən biri Ukraynaya "daimi silah və maliyyə axınını" təmin etməkdir. Vaşinqton münaqişənin nizamlanması ilə bağlı daha əvvəl 28 bəndlik plan təklif etmişdi. Lakin sənəd Kiyev və Avropa tərəfdaşları tərəfindən narazılıqla qarşılanmış və onlar layihəyə düzəlişlər etməyə çalışmışdılar. 23 noyabrda ABŞ və Ukrayna nümayəndələri Cenevrədə planla bağlı məsləhətləşmələr aparıblar. Sonradan ABŞ Prezidenti Donald Tramp bildirib ki, ilkin plan Moskva və Kiyevin mövqeləri nəzərə alınmaqla yenidən işlənib və artıq cəmi bir neçə mübahisəli məsələ qalıb. O həmçinin qeyd edib ki, planın bəndlərinin sayı 22-yə endirilib. 30 noyabrda Floridada ABŞ və Ukrayna rəsmiləri arasında növbəti məsləhətləşmələr keçirilib. Görüşdə münaqişənin dayandırılması yolları, Ukraynanın iqtisadi və təhlükəsizlik problemlərinin uzunmüddətli həlli, eləcə də seçkilərin keçirilməsi perspektivləri və ərazi məsələsi müzakirə olunub.
Müzakirələrin nəticələrinə dair açıqlama verən ABŞ dövlət katibi Marko Rubio bildirib ki, dialoq konstruktiv keçib, lakin hələ görüləsi çox iş var. O deyib ki, Vaşinqton sülh prosesinə optimist yanaşsa da, ümumilikdə realist mövqeni qoruyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31