Kimdən Putinə “dostluq” dərsi - dünya susanda KXDR danışır

Şimali Koreya lideri Kim Çen In Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə görüşü zamanı bir daha "sadiqliyini" nümayiş etdirib. 

Olaylar.az-ın xəbərinə görə, Kim bəyan edib ki, "Ukrayna məsələsində Rusiya ilə mövqeyimiz tam aydındır, açıq və dəyişməzdir. Biz Rusiya hökumətinin və xalqının mövqeyini - suverenliyi, təhlükəsizlik maraqlarını və ərazi bütövlüyünü qorumaq istiqamətindəki səylərini - hər zaman dəstəkləyəcəyik".

Bu bəyanatdan sonra Kim Çen In çıxışını daha emosional notlarla davam etdirib:

"Bu fürsətdən istifadə edərək yaxın dostum, yoldaşım, Rusiya prezidenti Vladimir Putinə dərin minnətdarlığımı bildirirəm. Bizim hökumətimizin sarsılmaz iradəsi və seçimi hər zaman Rusiyanın yanında olmaq, Moskva ilə yaxın qalmaqdır".

Onun Putinə bu jesti ilk baxışdan sadiqlik təsiri yaradır. Amma hər kəs bilir ki, Şimali Koreyanın diplomatik "dostluqları" həmişə öz maraqlarının orbitində fırlanır. O, bu bəyanatlarla həm də Qərbə siqnal göndərir:

"Əgər mənə qarşı təzyiqləri artırsanız, mən Rusiyanın yanındayam".

Başqa sözlə, Kim Çen In həm Rusiya üçün "loyal müttəfiq" rolunda çıxış edir, həm də özünün beynəlxalq aləmdə "unutulmadığını" göstərməyə çalışır.

Hazırda Rusiya üçün belə "dəstəklər" real hərbi və ya iqtisadi yardım anlamına gəlmir. Bu, daha çox təcrid olunmuş dövlətlərin bir-birinə "mən də burdayam" tipli mesajıdır.

Amma bu mənzərə ironikdir: bir vaxtlar nüvə gücü kimi tanınan Rusiya indi diplomatik səhnədə Şimali Koreyanın siyasi rəğbətinə möhtac qalır. Bəzən elə olur ki, dostluq bəyanatları tərifdən çox, təkliyin göstəricisinə çevrilir.

Putinin beynəlxalq "arxa planı" bu gün Kim Çen Inın bir cümləsində cəmlənir:

"Biz hər zaman Rusiyanın yanındayıq".

Bəli, Putin indi o mərhələdədir ki, "yanında" olan yeganə dövlət nüvə silahını "dostluq üçün" yox, dünya ilə əlaqəsi olmadığı üçün saxlayır.

Bəzən siyasət tarixə tragikomediya kimi yazılır... (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31