Aİ münaqişə bitdikdən sonra Ukrayna ordusuna təlimləri Ukraynada keçirməyi planlaşdırır- ÖZƏL

Avropa İttifaqı münaqişə başa çatdıqdan sonra Ukrayna Silahlı Qüvvələrinin təlim proqramını birbaşa Ukrayna ərazisində keçirməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə Aİ Hərbi Komitəsinin sədri, general Şon Klansi Euractiv portalına müsahibəsində bildirib. General Klansinin sözlərinə görə, Avropa hərbçiləri hazırda Ukraynanın Avropa ölkələrində həyata keçirilən təlim proqramının ölkə daxilində davam etdirilməsi ilə bağlı planlar üzərində işləyirlər. Bu dəyişiklik yalnız atəşkəs rejimi qüvvəyə mindikdən və təhlükəsizlik şəraiti imkan verdikdən sonra baş tutacaq.
"Yəqin ki, gələcəkdə hibrid model tətbiq olunacaq - yəni təlimlər həm Aİ daxilində, həm də Ukraynada keçiriləcək", - deyə Klansi qeyd edib. O həmçinin əlavə edib ki, hər bir Aİ ölkəsi öz qərarını müstəqil şəkildə verəcək  hansı ölkələrin təlimatçı göndərəcəyi və bunun nə vaxt baş verəcəyi onların seçimindən asılı olacaq. Bəzi ölkələrin bu missiyada iştirak etməmək üçün müəyyən istisnalar irəli sürə biləcəyi də ehtimal olunur.
Euractiv bildirir ki, Aİ-də təlim proqramını Ukraynaya köçürmək ideyası artıq bir ildən çoxdur müzakirə olunur. Lakin o zaman üzv dövlətlər bu təşəbbüsü dəstəkləməmişdilər. İndi isə ABŞ-nin münaqişənin nizamlanması istiqamətində səylərini gücləndirməsi fonunda bu ideya yenidən aktuallaşıb.
Qeyd edək ki, Avropa İttifaqının 2022-ci ildə başladığı Ukraynaya dəstək missiyası çərçivəsində indiyədək 80 mindən çox ukraynalı hərbçi təlim keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31