SSRİ dövründə mövcud olmuş Azərbaycan-Ermənistan dəmir yolu bərpa ediləcək
17:02 Dünya"Azərbaycan və Ermənistan arasında "Tramp yolu"nun açılması ilə bağlı işlər davam edir. Əsasən, infrastrukturun forması, görünüşü və məzmunu kifayət qədər detallı şəkildə müzakirə olunur".
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan yerli KİV-ə məlumat verib.
Nazir müavini qeyd edib ki, burada söhbət bütün növ nəqliyyat əlaqələrindən gedir - enerji xətləri, avtomobil yolları, dəmir yolu və digər bütün növ infrastrukturdan.
"Yolun uzunluğu 42 kilometrdir. Digər infrastruktur elementləri hələ texniki araşdırma və biznes planlaşdırma mərhələsindədir. Hər bir infrastruktur növünün öz texniki təsviri və layihəsi olacaq. 42-43 kilometrlik məsafə konkret dəmir yolu hissəsinə aiddir və onun marşrutu artıq bəllidir, bu, sovet dövründə mövcud olmuş dəmir yolunun bərpasıdır və onun parametrləri sabit və konkret şəkildə məlumdur".
Qriqoryan birinci mərhələdə dəmir yolu məsələsinin həll olunacağını bildirib: "Çünki bu istiqamətdə çox iş görülüb, həm də onun texniki parametrləri daha dəqiqdir. Sovet dövründə bu yol mövcud idi və indi sadəcə bərpa olunmalıdır. Digər tranzit xətləri isə Sovet dövründə olmayıb, sıfırdan layihələndirilməlidir. Buna görə də konkret rəqəmlər və detallar barədə hələ danışa bilmirəm".
Dəmir yolunun konkret marşrutuna gəlincə, baş nazirin müavini qeyd edib ki, 2020-2021-ci illərdən bəri Yerasx (Arazdəyən) daxil olmaqla, Naxçıvan (Azərbaycan) xətti və cənub istiqamətində dəmir yolu infrastrukturu müzakirə edilir:
"Bütün tərəflər üçün aydındır ki, Yerasx hissəsinin qoşulması layihəni daha səmərəli, regional baxımdan daha dərin və əhatəli edəcək.
Razılaşmalara əsasən, söhbət regional infrastrukturun inteqrasiyasından gedir, yəni bütün mümkün əlaqələr reallaşdırılmalıdır. Əks halda, infrastrukturun bir hissəsi öz funksiyasını tam yerinə yetirə bilməz.
Əlbəttə, yollar sinxron açılmalıdır, əks halda sistem tam işləməyəcək".