Almaniya “Şimal axını” işi üzrə müttəhimin ekstradisiyası qərarını nəzərə aldı- ÖZƏL
15:59 DünyaAlmaniya hökuməti Bolonya Apellyasiya Məhkəməsinin "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin partladılması işində ittiham olunan Ukrayna vətəndaşı Sergey Kuznetsovun Almaniyaya verilməsi (ekstradisiyası) ilə bağlı qərarını nəzərə aldığını bildirib. Olaylar.az xəbər verir ki, bu barədə Berlində keçirilən brifinqdə Almaniya hökumətinin nümayəndəsi Şteffen Mayer məlumat verib. Onun sözlərinə görə, məsələ ilə bağlı bütün proseslər müvafiq orqanların səlahiyyətindədir və hökumət istintaqın gedişini şərh etməyəcək. "Biz, təbii ki, bu qərarı nəzərə alırıq, vəziyyəti izləyirik və məlumatlıyıq. Lakin bu, davam edən hüquqi prosesdir və hökumət onunla bağlı əlavə şərh verməyəcək", - Mayer deyib. Qeyd edək ki, Bolonya Apellyasiya Məhkəməsi Almaniyanın Avropa orderi əsasında Sergey Kuznetsovun ekstradisiyasına qərar verib. İttiham olunan şəxsin vəkili qərardan Kassasiya Məhkəməsinə müraciət etməyi planlaşdırır. Apellyasiya dinləməsinin təxminən bir ay sonra keçiriləcəyi bildirilir. Bu müddət ərzində Kuznetsov İtaliyada saxlanılacaq.
Sergey Kuznetsov avqustun 21-nə keçən gecə İtaliyanın Adriatik sahillərində Almaniya məhkəmələrinin tələbi ilə həbs olunub. Məhkəmə onun qaçma riskini nəzərə alaraq, ekstradisiya işi tamamlanana qədər həbsdə saxlanılmasına qərar verib. Alman mətbuatına görə, Kuznetsov yeddi nəfərlik diversiya qrupunun rəhbəri hesab olunur.
İttihamda göstərilən "antikonstitusion diversiya" maddəsinə əsasən, Almaniya qanunvericiliyi ilə bu cür cinayətə görə 15 ilədək həbs cəzası nəzərdə tutulur.
Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da "Şimal axını" qaz kəmərlərinin üç xəttində, o cümlədən istismara verilməmiş "Şimal axını-2"də misli görünməmiş partlayışlar baş vermişdi. Rusiya Baş Prokurorluğu həmin hadisə ilə bağlı beynəlxalq terror aktı faktı üzrə cinayət işi açmışdı.