Polşa prezidenti baş naziri söz azadlığını məhdudlaşdırmağa çalışmaqda ittiham edib- ÖZƏL
27 Oktyabr 14:47 DünyaPolşa prezidenti Karol Navrotski ölkənin baş naziri Donald Tusku söz azadlığını məhdudlaşdırmağa və senzura tətbiq etməyə cəhd göstərməkdə ittiham edib. Olaylar.az xəbər verir ki, prezident bu barədə X platformasında paylaşım edib.
Navrotskinin sözlərinə görə, hökumət "qanunsuz məzmun və dezinformasiyaya qarşı mübarizə" bəhanəsi ilə məmurların inzibati qərarları əsasında məzmunun bloklanmasına imkan verən mexanizm yaratmaq istəyir. "Bu, belə olmamalıdır. Sənin səsini əlindən almağa cəhd göstərməmişdən əvvəl bu məsələ barədə səsini qaldırmaq lazımdır," - deyə prezident bildirib.
Prezidentin bu fikirləri hökumətin hazırladığı "Rəqəmsal xidmətlər haqqında qanun" layihəsinə münasibət olaraq səsləndirilib. Layihə Avropa İttifaqının müvafiq normalarını Polşaya şamil etməyi nəzərdə tutur. Qanun layihəsinə əsasən, vətəndaşlar, polis, prokurorluq və digər dövlət qurumları onların fikrincə qanunu pozan məzmunun bloklanmasını tələb edə biləcəklər. Qanun 27 növ pozuntu hallarını əhatə edir - totalitar ideologiyaların təbliği, intihara təşviq, fiziki zorakılıqla hədələmə, etnik və milli nifrət çağırışları, pedofiliyanın təbliği və s. Layihə Seym tərəfindən təsdiqlənəcəyi halda, prezidentin imzasından sonra qanun qüvvəyə minəcək.