Gürcüstan hökumətinin dirənişi müxalifətin planlarını çətinləşdirir-Oqtay Qasımov- ÖZƏL
14:12 DünyaGürcüstanın paytaxtı Tiflisdə müxalifətin kütləvi yürüşü və parlament qarşısındakı mitinqi siyasi gərginliyi pik həddə çatdırıb. Onlarla nümayişçi saxlanılıb. Prezident Salome Zurabişvili etirazlara qoşularaq, "Gürcü Arzusu"nun legitimliyinin olmadığını və ölkənin gələcəyinin yeni seçkilərdə olduğunu bəyan edib. Bu, onun müxalifətlə açıq ittifaqı kimi qiymətləndirilir.
"Azadlıq Meydanı" lideri Levan Tsutskiridze hökumətin istefasını və həbs olunanların azad edilməsini tələb edib. Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
"Son 3-4 ildə Gürcüstan hökuməti ilə qərb ölkələri və diplomatik nümayəndələri arasında münasibətlərdə ciddi gərginliklər müşahidə olunur. Gürcüstan hökuməti Rusiya-Ukrayna savaşının ilk dövrlərində qərbin təzyiqlərinə müqavimət göstərərək Rusiyaya qarşı qarşıdurmaya qoşulmadığı üçün qərb "Gürcü arzusu" hökumətini əslində cəzalandırmaq istədi. Bununla bağlı hələ iki il öncədən Gürcüstan müxalifəti ciddi şəkildə etiraz aksiyaları keçirdi. Tiflis küçələrində biz günlərlə etirazların, yürüşlərin və mitinqlərin şahidi olduq. Bundan başqa, ardınca küçə etirazları ilə hökumətin dəyişmədiyini görən qərb, Gürcüstanda keçirilən parlament seçkilərində buna cəhd etdi, lakin bu da alınmadı. Keçən bir il ərzində, bu ilin fevralından sonra Gürcüstanda siyasi vəziyyət nisbətən sakitləşsə də, oktyabr ayında keçirilən bələdiyyə seçkilərindən sonra yenidən siyasi gərginlik artıb və Gürcüstan müxalifəti hökuməti istefa etdirməyə çalışır. Bundan sonra vəziyyətin necə olacağını indidən demək çətindir. Çünki Gürcüstan hökuməti də kifayət qədər dayanıqlıq nümayiş etdirir və bu təzyiqlərə müqavimət göstərir. Şübhəsiz ki, biz çox istəyirik ki, Gürcüstanda bütün məsələlər dinc və siyasi yolla öz həllini tapsın və hakimiyyət dəyişiklikləri seçkilər vasitəsilə həyata keçirilsin. Yəni küçə etirazları və mitinqlərlə Gürcüstanda hakimiyyətin yaxın bir neçə ayda dəyişəcəyi real görünmür. Bir daha qeyd etmək lazımdır ki, bu daha çox Gürcüstan hökumətinin və onun liderinin dirənişi ilə bağlıdır. Digər tərəfdən, Gürcüstan müxalifətinə nəzər yetirsək, müxalifət hazırda kifayət qədər dağınıq vəziyyətdədir. Əvvəlki kimi monolit deyil, potensialı xeyli zəifləyib və müəyyən qədər də marjinallaşmışdır. O baxımdan, müxalifətin əsas problemlərindən biri ondan ibarətdir ki, onlar hökumətə qarşı vahid siyasi platforma qura bilmirlər və vahid siyasi lider ortaya çıxara bilmirlər. Bu isə hökumətə manevr üçün geniş imkanlar yaradır. Buna görə də yaxın dövrdə Gürcüstanda hökumət dəyişəcəyini real hesab etmirəm. Əgər belə bir şey baş verəcəksə, bu artıq Gürcüstanda ciddi şəkildə siyasi gərginliyin artması ilə mümkün olacaq ki, bu da bütün bölgə üçün kifayət qədər risklər daşıyır".
Zeynəb Mistafazadə