Litva Belarusla sərhədini tam bağlamağa hazırlaşır- ÖZƏL

Litva hökuməti Belarusla sərhədin tam bağlanması ilə bağlı plan hazırlayıb. Olaylar.az xəbər verir ki, baş nazir İnqa Ruginene jurnalistlərə açıqlamasında bildirib ki, sənəd 29 oktyabrda qəbul ediləcək. "Milli təhlükəsizlik üzrə hökumət komissiyasının iclasında sərhədin bağlanmasına dair hərəkət planı hazırlanıb və müzakirə olunub. Çərşənbə günü bu planı qüvvəyə mindirmək səlahiyyətinə malik kabinet iclası keçiriləcək," - deyə baş nazir vurğulayıb. Ruginenenin sözlərinə görə, Belarusdan Litvanın ərazisinə qaçaqmal tütün daşıyan meteoroloji zondların daxil olması halları artmaqda davam edir. Minsk hökumətinin bu cür qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün tədbir görməməsi Litvanı sərhədi tam bağlamaq qərarına gətirib.
Baş nazir əlavə edib ki, bu məhdudiyyətlər Avropa İttifaqı ölkələrinin vətəndaşlarına və diplomatlara şamil edilməyəcək.
Litva rəsmilərinin bildirdiyinə görə, Belarusdan təşkil edilən tütün qaçaqmalçılığı son aylarda kütləvi xarakter alıb. Ən iri hadisə 22 oktyabrda qeydə alınıb - həmin gün təxminən 200 zond Litva ərazisinə daxil olub. Bu vəziyyət hava təhlükəsizliyi üçün risk yaratdığından, Vilnüs beynəlxalq hava limanı son üç gecə ardıcıl olaraq bağlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31