“Aİ nadir torpaq elementləri deyil, Çinə qarşı sanksiyalarından narahat olmalıdır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Çinin China Daily qəzeti Avropa İttifaqını (Aİ) Çindən nadir torpaq elementlərinin ixracına qoyulan məhdudiyyətlərə deyil, Pekinə qarşı tətbiq etdiyi sanksiyalara görə narahat olmağa çağırıb. Nəşrin redaksiya məqaləsində vurğulanır ki, Brüssel Çinin Rusiya ilə normal ticarət əlaqələrinə görə sanksiyalar tətbiq etməklə iki tərəf arasında etimadı sarsıdır.
Məqalədə qeyd olunur ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Berlində keçirilən "Qlobal Dialoq" forumunda açıqladığı "Çindən asılılığı azaltmaq planı" Aİ ilə Çin arasında etimadın möhkəmləndirilməsi lazım olan bir dövrdə gündəmə gətirilib.
"Bu şəraitdə Çin və Aİ bir-birinə hörmət etməli, tərəfdaşlığı gücləndirməli və qarşıdurma deyil, əməkdaşlıq yolu ilə qlobal problemlərin həllinə çalışmalıdır", - China Daily yazır.
Qəzet Ursula fon der Leyenin Çinin nadir torpaq elementləri və akkumulyatorların ixracına nəzarəti gücləndirməsini tənqid etməsini "siyasi niyyətlərin anlaşılmaması və ya təhrif edilməsi" kimi qiymətləndirib.
"Çinin bu istiqamətdə atdığı addımlar beynəlxalq təcrübəyə uyğun, qanuni və məsuliyyətli qərardır. Bu, ixracın qadağan edilməsi deyil, strateji əhəmiyyətli materialların təhlükəsizlik öhdəliklərinə uyğun istifadəsini təmin edən ağlabatan nəzarət mexanizmidir", - deyə məqalədə vurğulanır.
Çin hökumətinin izahına əsasən, bu nəzarət heç bir tərəfə qarşı yönəlməyib və qanuni mülki istifadə üçün lisenziya almaq mümkündür. Pekin Aİ də daxil olmaqla tərəfdaşlarını bu qərarlar barədə əvvəlcədən məlumatlandırıb. "Əslində Brüsseli narahat etməli olan məsələ Çin istehsalı elektromobillərə qarşı tətbiq edilən antisubsidiya tarifləri və Ukrayna böhranı fonunda Çin şirkətlərinə qarşı sanksiyalardır. Bu addımlar Çin və Aİ arasında iqtisadi-ticarət əlaqələrinə mənfi təsir göstərir", - qəzet yazır.
China Daily həmçinin qeyd edir ki, Aİ-nin elan etdiyi "strateji muxtariyyət" siyasəti əslində ABŞ-dan struktur asılılığın aradan qaldırılmasına deyil, Çindən uzaqlaşmağa xidmət edir. Xatırladaq ki, ötən həftə Ursula fon der Leyen Aİ-nin Çinin nadir torpaq metalları ixracına nəzarətini sərtləşdirməsinə qarşı "bütün mümkün tədbirlərdən" istifadə etməyə hazır olduğunu bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31