Türkiyəyə veto qoyulan Qəzzaya Azərbaycan əsgəri gedirmi?
12:25 DünyaABŞ dövlət katibi Marko Rubio Qəzzada təhlükəsizliyi təmin edəcək, atəşkəs prosesini davam qoruyacaq və humanitar yardım çatdıracaq beynəlxalq sülhməramlı qüvvələrin yaradılması səylərinin davam etdirildiyini bildirib.
Qəzza zolağına sülhməramlı qüvvələrə hansı ölkələrin cəlb ediləcəyi sualını cavablandıran Rubio bir çox ölkənin sülhməramlı qüvvələrdə iştirak etmək istədiyini vurğulayıb. Ancaq o, ölkə adı çəkməyib və bildirib ki, sözügedən qüvvələr hələlik yaradılmayıb və işlər davam edir: "Kimin təkliflər təqdim etdiyini və kimin veto edildiyini deməyəcəyəm. Bu qüvvənin hər bir üzvü həm bacarıqlı, həm də istəkli olmalıdır. Eyni zamanda, İsrail də daxil olmaqla, hər kəsin özünü rahat hiss etdiyi ölkələr olmalıdır."
Musavat.com bildirir ki, Donald Trampın Qəzzada sülh üçün hazırladığı 20 maddəlik plana əsasən, ABŞ Ərəb və digər tərəfdaş ölkələrlə birlikdə müvəqqəti sabitlik qüvvəsi formalaşdıracaq. Bu qüvvə seçilmiş fələstinli polis qüvvələrini hazırlayacaq və onlara dəstək verəcək.
ABŞ bildirib ki, Amerika əsgərləri Qəzzaya daxil olmayacaq, lakin koordinasiya fəaliyyətində iştirak edəcəklər.
Rubionun isə veto barədə danışmaq istəməməsi təsadüfi deyil. İddia olunur ki, İsrail Türkiyənin sülhməramlı prosesdə iştirakına qarşıdır və ABŞ-da bu niyyəti dəstəkləyir. "Yerusəlim post"un yazdığına görə, Təl-Əviv vetonu Türkiyənin HƏMAS-la yaxınlığı ilə sülhməramlı prosesdə iştirak edə bilməz. Ağ Ev də hesab edir ki, Qəzzada olan sülhməramlı qüvvələr neytral ölkə təmsilçiləri olmalıdır. "İsrail-Hayom" qəzetinin məlumatda bildirilir ki, Qəzzaya göndəriləcək sülhməramlıların özəyini Azərbaycan və İndoneziya təşkil edə bilər. Nəşr iddia edir ki, ABŞ vitse-prezidentinin İsrailə son səfərində bu ölkənin baş naziri Netanyahu ilə müzakirə edilərək formalaşıb.
İndoneziya sülhməramlı qüvvələrdə iştirak təcrübəsi böyükdür. İndoneziya təkid edir ki, missiyada yalnız BMT-nin Təhlükəsizlik Şurasının qərarı olacağı təqdirdə iştirak edəcək.
Ərəb mediası iddia edir ki, Misir də sülhməramlı qüvvələrdə iştirak üçün açıq beynəlxalq konsensus, müəyyən edilmiş və məhdud mandat, İsrail ordusunun bu qüvvələrlə hərəkət etməməsi şərti irəli sürüb.
Səudiyyə Ərəbistan isə Qəzzada BMT-nin nəzarəti altında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini və keçid administrasiyası ilə Fələstin muxtariyyəti arasında əməkdaşlığı tövsiyə edir.
Qeyd edək ki, Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak etməkdədir. Belə ki, 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək Azərbaycan Ordusunun sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə (1 zabit, 1 gizir və 32 əsgər) NATO-nun rəhbərliyi altında Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə keçirilən əməliyyatlarda iştirak edib. Azərbaycan taqımı Türkiyə taborunun 4-cü mexanikləşdirilmiş piyada bölüyünün tərkibində Draqaş şəhərində xidmət aparıb.
BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərarının tətbiqi məqsədilə Azərbaycan Ordusunun Sülhməramlı bölüyü 15 avqust 2003-cü il tarixindən 7 dekabr 2008-ci il tarixinədək 152 nəfərlik şəxsi heyətlə (16 zabit, 16 gizir, 120 əsgər) İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində xidmət edib. Missiya dövründə İraqın Əl-Hədisə şəhəri yaxınlığında ABŞ Dəniz Piyadası Komandanlığı tərkibində su anbarının və su elektrik stansiyasının mühafizəsini həyata keçirən bölük, Koalisiya Qüvvələrinin İraqdan çıxması ilə əlaqədar 7 dekabr 2008-ci il tarixində missiyasını yekunlaşdıraraq geri qayıdıb.
20 noyabr 2002-ci il tarixindən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb. 2 oktyabr 2009-cu il tarixdə Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türk taboru tərkibində fəaliyyət göstərib.
2015-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən sülhməramlı fəaliyyətə başlayıb. Missiyanın sona çatması ilə əlaqədar, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri 27 avqust 2021-ci ildə ölkəyə geri dönüb.
Hazırda Azərbaycanın hər hansı xarici ölkə ərazisində sülhməramlı qüvvələri fəaliyyət göstərmir.