Kim Çen In: Koreya ordusunun Kursk əməliyyatında iştirakı Rusiya–Şimali Koreya ittifaqının gücünü göstərdi – ÖZƏL
13:18 DünyaKoreya Xalq Ordusunun (KXO) Rusiyanın Kursk vilayətinin azad edilməsi əməliyyatlarında iştirakı Moskva ilə Pxenyan arasındakı əlaqələrin gücünü nümayiş etdirdi.
Olaylar.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkə lideri Kim Çen Inə istinadən məlumat yayıb.
"Ədalət və ədalətsizliyin amansız döyüş meydanında toqquşduğu yerdə iki ölkə arasındakı dostluq və həmrəylik ən sərt sınaqdan keçdi," - deyə Kim Çen In bildirib. Onun sözlərinə görə, Rusiya-Şimali Koreya münasibətləri hazırda öz zirvə nöqtəsinə çatıb.
Oktyabrın 23-də Kursk vilayətinin azad edilməsində iştirak edən KXO əsgərlərinin şərəfinə muzeyin tikintisinə başlanması münasibətilə mərasim keçirilib. Kim Çen In qeyd edib ki, bu muzey Rusiya və Şimali Koreya arasında "qanla möhkəmlənmiş ittifaqın" rəmzi olacaq.
O, iki ölkə arasında əlaqələrin hər gün daha da gücləndiyini vurğulayaraq Rusiyanın səfirlik əməkdaşlarını salamlayıb və Kursk vilayətinin azad edilməsində iştirak edənlərə təşəkkürünü çatdırıb. "Xalqımız və rus dostlarımız birlikdə qazandıqları bu qələbə ilə Koreya-Rusiya ittifaqının qüdrətini sübut etdilər," - deyə Kim Çen In qeyd edib.
Şimali Koreya lideri həmçinin bildirib ki, "ortaq ideallar və məqsədlərlə birləşən iki xalq üçün bu ittifaq doğru seçim idi və qanla formalaşan bu dostluq müqəddəs və əbədidir". O, Koreya xalqının rus xalqı ilə birlikdə qazandıqları müstəqillik və ədalət uğrunda qələbə ilə fəxr etdiyini əlavə edib.
Qeyd edək ki, Rusiya və Şimali Koreya 2024-cü ildən etibarən qarşılıqlı müdafiəni də əhatə edən strateji tərəfdaşlıq sazişi imzalayıblar. Müttəfiqlik öhdəliyinə sadiq qalan Şimali Koreya hərbçiləri Kursk vilayətinin Ukrayna qüvvələrindən azad olunması əməliyyatlarında iştirak ediblər. Rusiya prezidenti Vladimir Putin və Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Şimali Koreya hərbçilərinin şücaətini və bölgənin müdafiəsindəki rolunu yüksək qiymətləndiriblər.