İsveç 2026-cı ildə NATO çərçivəsində Latviya ərazisinə hərbi kontingent göndərəcək - ÖZƏL
12:15 Dünyaİsveç 2026-cı ildə NATO qüvvələrinin tərkibində Latviya ərazisinə hava hücumundan müdafiə sistemlərini və təxminən 500 hərbçidən ibarət batalyonu yerləşdirəcək. Olaylar.az xəbər verir ki, u barədə Şved Radio məlumat yayıb. Latviya ərazisindəki kontingent NATO-nun çoxmillətli briqadasına daxil olacaq və alyansın qabaqcıl quru qoşunları çərçivəsində fəaliyyət göstərəcək. Şved batalyonunun komandiri Tobias Kristersson bildirib ki, göndəriləcək silahlar arasında pilotsuz uçuş aparatlarına qarşı da istifadə oluna biləcək özünügəzdirən zenit qurğuları mövcuddur və bu potensial əvvəllər də tələb olunub.
Qeyd olunur ki, NATO-nun qabaqcıl quru qüvvələri Rusiya ilə həmsərhəd olan bütün alyans ölkələrində mövcuddur. İsveç Latviya ərazisində bu qüvvələrə qoşulan on dördüncü ölkə olacaq. İsveç və Danimarka hər altı ayda bir-birinin yerini dolduraraq Baltik ölkələrində NATO-nun hərbi iştirakını təmin edirlər.
Oktyabr ayında İsveç hökuməti parlamentə 2026-cı ilin sonuna qədər NATO-nun əmri altında 3 minə qədər hərbçi göndərmək barədə qanun layihəsi təqdim edib. Planlaşdırılan göndərişlər çərçivəsində quru qoşunları Latviya ərazisindəki çoxmillətli briqadaya, dəniz bölmələri Şimali Atlantikdə NATO donanmasına, hava və hava hücumundan müdafiə bölmələri isə NATO-nun inteqrasiya olunmuş hava və raket müdafiəsi sisteminə cəlb olunacaq.