Kiyev: 17-dən çox NATO ölkəsi ABŞ-dan Ukrayna üçün silah alacaq - ÖZƏL

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib ki, 17-dən çox NATO ölkəsi ABŞ-dan Ukrayna üçün silah almaq məqsədilə "Prioritized Ukraine Requirements List" (PURL) təşəbbüsünə qoşulub.
Olaylar.az xəbər verir ki, Sırski bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Aleksus Qrinkeviçlə telefon danışığından sonra məlumat verib. Onun sözlərinə görə, PURL proqramı çərçivəsində alyans ölkələri Ukrayna üçün Amerika silahlarının kollektiv maliyyələşdirilmiş şəkildə alınmasını həyata keçirəcək.
Xatırladaq ki, PURL təşəbbüsü 14 iyul tarixində ABŞ Prezidenti Donald Tramp və NATO Baş katibi Mark Rutte tərəfindən işə salınıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Kiyev bu proqram çərçivəsində müttəfiqlərin hər ay azı 1 milyard dollar ayırmasını istəyir.
Qeyd edək ki, Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı "xüsusi hərbi əməliyyat"a başlamasından sonra Kiyevə silah tədarükünü dəfələrlə artırıblar. Rusiya isə dəfələrlə bəyan edib ki, Qərbin silah yardımı münaqişəni yalnız uzadır və döyüş meydanında vəziyyəti dəyişmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31