"Tramp marşrutu" Rusiya-Ermənistan yüksək səviyyəli dialoqunda: Moskva ətraflı məlumat gözləyir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Sputnik Ermənistan" radiosunda yayımlanan "Abovyan time" proqramında bildirib ki, Sünikdən keçən "Tramp marşrutu" məsələsi Rusiya-Ermənistan dialoqunda yüksək, hətta ən yüksək səviyyədə qaldırılır.

Rusiya diplomatı qeyd edib ki, bu mövzu aktuallığını itirməyə bilməz: "Mən burada Ermənistan rəhbərliyinin bu məsələnin yalnız ABŞ ilə müzakirə olunduğu barədə bəyanatlarını xatırlatmaq istərdim. Lakin bu mövzu vacibdir və bizim aramızdakı dialoqda əlbəttə ki, yer almamağa bilməz".

Kopırkin, həmçinin vurğulayıb ki, Moskvanın müxtəlif siyasi səviyyələrdə səsləndirilən əsas mövqeyi, real sülhə, vəziyyətin sabitləşməsinə və regionun rifahına aparan istənilən addımı dəstəkləməkdir.

"Konkret olaraq "Tramp marşrutu" adlanan məsələyə gəlincə, biz fəaliyyət detalları və mexanizmləri barədə daha konkret məlumat gözləyirik. Əvvəlcə gəlin konkretlik baxımından bunun nə olduğunu anlayaq", - deyə səfir qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar. ABŞ Prezidentinin açıqlamasına əsasən, Ermənistan, Azərbaycanın Naxçıvanla quru əlaqəsi qurmağı planlaşdırdığı marşrutun inkişafı üçün Ştatlara 99 ilə qədər müddətə (Ermənistan qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərəcək) eksklüziv uzunmüddətli hüquqlar verəcək. Amerika tərəfi infrastruktur və idarəetməyə cavabdeh olan konsorsiuma torpağı sub-icarəyə verməyi planlaşdırır. Həmçinin, hər iki ölkənin Xarici İşlər nazirləri ATƏT-in Minsk Qrupunun və onunla əlaqəli strukturların bağlanması barədə birgə müraciəti imzalayıb, daha sonra isə gələcək sülh sazişinin mətnini paraflayaraq dərc ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31