ABŞ pilot ittifaqları demokratları hökumət fəaliyyətini bərpa etməyə çağırır - ÖZƏL
24 Oktyabr 10:13 DünyaTəxminən 50 min pilot və digər aviasiya mütəxəssisini təmsil edən ABŞ-ın üç əsas aviasiya həmkarlar ittifaqı - Aviaşirkətlər Pilotları Assosiasiyası Koalisiyası, Birləşmiş Pilotlar Assosiasiyası və NetJets Pilotlar Assosiasiyası Konqresə müraciət edərək federal hökumətin maliyyələşdirilməsinin bərpasını tələb edib. Onlar Respublikaçılar Partiyasının büdcə layihəsinin qəbul edilməsini zəruri sayır. Olaylar.az xəbər verir ki, bu barədə USA Today məlumat yayıb.
İttifaqlar müraciətlərində ölkə üzrə 13 min hava nəzarətçisinin maaşsız qalmasından və ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyası əməkdaşlarının qarşılaşdığı problemlərdən bəhs ediblər. Bildirilib ki, hökumət maliyyələşməsinin dayandırılması aviasiya sektorunda gərginliyə, gecikmələrə və hava limanlarında işin pozulmasına səbəb olur.
Qeyd edək ki, ABŞ-da federal hökumətin qismən fəaliyyətinin dayandırılması ("şatdaun") oktyabrın 1-dən etibarən davam edir. Bu vəziyyət respublikaçılar və demokratlar arasında dövlət xərcləri, o cümlədən səhiyyə sahəsindəki büdcə maddələri ilə bağlı razılığın əldə edilməməsi nəticəsində yaranıb. Hazırda hər iki partiya bir-birini "şatdaun"u siyasi məqsədlərlə uzatmaqda ittiham edir. Qanunvericiliyə əsasən, milli təhlükəsizlik və xarici siyasətlə bağlı fəaliyyət göstərən dövlət qurumları maliyyələşmə dayandırılsa da, işlərini davam etdirir. Bu qurumlarda çalışan əməkdaşlar maaşlarını müvəqqəti almırlar, lakin problem həll edildikdən sonra ödənişlər bərpa olunur.
Xatırladaq ki, 1977-ci ildən bəri ABŞ-da hökumət maliyyələşməsində bu cür fasilələr 20-dən çox dəfə baş verib. Ən uzun "şatdaun" 2018-2019-cu illərdə - Donald Trampın prezidentliyinin birinci dövründə 35 gün davam etmişdi.