Tramp Rusiyaya qarşı sərt sanksiyalardan imtina etdi - ÖZƏL 

Olaylar.az xəbər verir ki,  The Wall Street Journal nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp administrasiyası Rusiyaya qarşı ən sərt sanksiyalardan imtina edib. Məlumata əsasən, Trampa üç fərqli sanksiya paketi təklif olunub. Ən sərt variant ölkənin sənaye sektorunu və ali rəhbərliyini hədəfə alırdı. Orta variant enerji sektoruna qarşı idi, üçüncü - ən yüngül paket isə məhdud sayda iqtisadi məhdudiyyətlər nəzərdə tuturdu. Adı açıqlanmayan mənbənin bildirdiyinə görə, qərar qəbul edilən zaman ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Hegset də iştirak edib və Trampın daha yumşaq sanksiyalar tətbiq etmək qərarını dəstəkləyiblər.
22 oktyabrda ABŞ Maliyyə Nazirliyi "Rosneft", "Lukoil" və bu şirkətlərin 34 törəmə qurumunu yeni sanksiya siyahısına daxil edib. Ağ Evin mətbuat katibi Kerolayn Livittin sözlərinə görə, Vaşinqton bu addımın Ukrayna ilə bağlı vəziyyətə görə Moskva üzərində ciddi təzyiq yaradacağını gözləyir. Rusiya prezidenti Vladimir Putin isə bəyan edib ki, yeni məhdudiyyətlər ölkənin "iqtisadi sağlamlığına ciddi təsir göstərməyəcək". Onun sözlərinə görə, ABŞ administrasiyasının bu addımı Moskva-Vaşinqton münasibətlərinə zərbə vurur və "yeni-yeni bərpa olunmağa başlayan" dialoqa mane olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31