Tramp Qəzza münaqişəsini bitirmək üçün “diplomatik blits”ə start verdi- ÖZƏL
09:49 DünyaOlaylar.az xəbər verir ki, Financial Times qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya təzyiqləri artıraraq Qəzza zolağında sülhün əldə olunmasına yönəlmiş "diplomatik blits"ə başlayıb. Mənbələrin bildirdiyinə görə, ABŞ bu həftə "qeyri-adi dərəcədə intensiv diplomatik kampaniyaya" start verib və Trampın ikiillik müharibəni dayandırmaq məqsədilə hazırladığı 20 bəndlik planın ikinci mərhələsinə diqqəti yönəldib. "İndi prosesi tamamilə ABŞ idarə edir", - deyə İsrail hökumətinin mövqeyinə bələd olan mənbə FT-yə bildirib. Onun sözlərinə görə, Vaşinqton anlayır ki, mövcud vəziyyətdə sadəcə planı təqdim edib İsrailin hərəkətlərinə nəzarətsiz icazə vermək mümkün deyil.
Qəzet yazır ki, hazırda Vaşinqton prosesi nəzarətə götürüb, çünki Tramp Netanyahu hökumətinə təzyiq göstərərək İsrailin böyük çətinliklə razılaşdığı atəşkəs rejiminin qorunmasını tələb edir. ABŞ dövlət katibi Marko Rubio daha əvvəl bəyan edib ki, Vaşinqton Qəzza sektorunda beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi üçün beynəlxalq mandat əldə etməyə çalışacaq. Onun sözlərinə görə, bu mandat BMT vasitəsilə reallaşdırıla bilər və belə qüvvələrin formalaşdırılması bölgədə döyüşlərin yenidən başlamasının qarşısını almaq üçün vacibdir.
Qeyd edək ki, 29 sentyabrda Ağ Ev Trampın Qəzza münaqişəsinin nizamlanmasına yönəlmiş "hərtərəfli planını" açıqlayıb. Sənəd 20 bənddən ibarətdir və Qəzzada müvəqqəti xarici idarəetmənin tətbiqi, həmçinin beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur. 9 oktyabrda isə Tramp bəyan edib ki, İsrail və HƏMAS nümayəndələri Misirdə keçirilən danışıqların nəticəsində planın birinci mərhələsi üzrə razılığa gəliblər.