ABŞ silahları aciz qaldı, Qərb hələ də bundan nəticə çıxarmayıb
07:42 DünyaAmerikanın qabaqcıl texnologiyaları bərabər gücə malik rəqiblə aparılan genişmiqyaslı müharibə şəraitində aciz qaldı. Bu, Rusiya-Ukrayna müharibəsinin reallıqlarında aydın şəkildə göründü, lakin Qərb, görünür, hələ də bundan nəticə çıxarmayıb.
Axar.az xəbər verir ki, bu barədə "Ekonomist" nəşri yazıb.
Nəşr qeyd edir ki, "Switchblade" tipli döyüş sursatları (özünü məhv edən kamikadze dronlar) bir vaxtlar qabaqcıl silah hesab olunurdu:
"Sürətli, ağıllı və dəqiq idilər, İraq və Əfqanıstandakı xüsusi təyinatlı qüvvələr üçün əvəzolunmaz avadanlıq sayılırdılar. Lakin 2022-ci ildə "Switchblade-300" partiyası Ukraynaya çatanda, böyük ümidlər çox tez puça çıxdı.
Birincisi, amerikalı dronlar çox bahalı idi. İkincisi, onlar Rusiya radio-elektron mübarizə vasitələri ilə ciddi problemlərlə üzləşirdilər. Üçüncüsü, hətta hədəfə dəydikdə belə, vurduqları zərər minimal olurdu".
Bildirilir ki, Ukraynada üç ildən artıq davam edən genişmiqyaslı müharibə ərzində bir çox Qərb şirkətləri öz dronlarını real döyüş şəraitində sınaqdan keçirməyə cəhd ediblər, lakin onların çoxu yalnız özlərini biabır ediblər. Əvəzində isə, bir vaxtlar Qərb istehsalçılarından nümunə götürməyə çalışan Ukrayna şirkətləri indi müasir pilotsuz silah sektorunda yenilikçi liderə çevriliblər.