Fransa Baş Qərargahı ordudan genişmiqyaslı münaqişəyə hazır olmağı tələb edir
17:08 DünyaFransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fabien Mandon bəyan edib ki, Fransa ordusu üç-dörd il ərzində mümkün qarşıdurmaya hazır olmalıdır.
Olaylar.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Mandon Milli Assambleyanın Müdafiə Komissiyasında keçirilən dinləmələr zamanı bildirib. Bu çıxışın yayımı parlamentin rəsmi saytında aparılıb.
"Silahlı qüvvələrin qarşısına qoyduğum ilk məqsəd - üç-dörd il ərzində qarşıdurmaya hazır olmaqdır", - deyə fransız general qeyd edib.
"Le Parisien" qəzetinin yazdığına görə, Mandon bu fikirləri Rusiya ilə qarşıdurma kontekstində səsləndirib. General qeyd edib ki, "qarşıdurma artıq hibrid formalarda baş verir, lakin gələcəkdə daha geniş miqyas ala bilər".
Mandon sentyabr 2025-dən etibarən Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini tutur. Onun bu bəyanatı Avropada artan gərginlik fonunda, xüsusilə Rusiya ilə münasibətlərdə, Parisin hərbi hazırlığa ciddi önəm verdiyini göstərir.
Generalın sözlərinə görə, Fransa ordusunun hazır olması təkcə döyüş əməliyyatlarını deyil, həm də kiberhücumlara, hibrid təhlükələrə və strateji dəyişikliklərə qarşı çevik müdafiə qabiliyyətini nəzərdə tutur.
Bu açıqlama, həmçinin, Parisin NATO müttəfiqlərinə və Avropa tərəfdaşlarına siqnalı kimi dəyərləndirilir - Fransa yalnız öz hərbi gücünə deyil, kollektiv müdafiə mexanizmlərinə də arxalanmaq niyyətindədir. (musavat.com)