Almaniyada siyasi ŞOK

Almaniyada ultra-sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının fəaliyyətində Rusiyanın xeyrinə casusluq əlamətləri aşkar edilib.

Musavat.com xəbər verir ki, bu barədə Türingiya federal əyalətinin daxili işlər naziri Georq Mayer bəyan edib.

Onun narahatlığını Bundestaqın xüsusi xidmət orqanlarına nəzarət komitəsinin rəhbəri Mark Henrixmann və sədr müavini Konstantin fon Notts da bölüşüblər.

Mayerin sözlərinə görə, AfD fraksiyası parlamentdə "kritik infrastruktur" barədə məlumat toplamaq üçün parlament sorğularından sui-istifadə edir. Bu sorğular Almaniyanın nəqliyyat şəbəkələri, enerji təminatı, su təchizatı və rəqəmsal sistemləri barədə məlumatları əhatə edir.

Nazir qeyd edib ki, AfD həmçinin polis informasiya texnologiyalarına, pilotsuz uçuş aparatlarına qarşı mübarizə avadanlıqlarına, eləcə də mülki müdafiə və səhiyyə xidmətlərinin təchizatına xüsusi maraq göstərir.

Mayerin hesablamalarına görə, yalnız Türingiya əyalətində partiya son 12 ayda bu mövzuda 47 parlament sorğusu göndərib. Federal səviyyədə də bu sorğuların "çoxluq təşkil etdiyi" və onların sayının və detallılıq səviyyəsinin durmadan artdığı bildirilir.

"Belə təəssürat yaranır ki, AfD bu sorğularla sadəcə Kremlin sifarişini yerinə yetirir", - deyə Georq Mayer bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31