Kanada Ukrayna üçün istismardan çıxarılan hərbi maşınların təmiri ilə bağlı müqaviləni ləğv edir - ÖZƏL
09:12 DünyaKanada hökuməti Ukraynaya ötürülməsi nəzərdə tutulan istismardan çıxarılmış 25 ədəd yüngül zirehli döyüş maşınının təmiri ilə bağlı müqaviləni ləğv edib. Olaylar.az xəbər verir ki, bu barədə CBC telekanalı ölkənin müdafiə naziri Deyvid Makqintiyə istinadən məlumat yayıb. 250 milyon Kanada dolları (təxminən 178 milyon ABŞ dolları) dəyərində olan müqavilə Armatec Survivability şirkəti ilə bağlanmışdı. Şirkət sözügedən texnikanı bərpa etməli idi. Lakin hökumət müqaviləni səbəbləri açıqlamadan birtərəfli qaydada ləğv edib.
CBC-nin məlumatına görə, Ukrayna bu 25 zirehli texnikanı hələ 2023-cü ildə almalı idi. Lakin layihənin icrası "bürokratik və korporativ qeyri-müəyyənliklər" səbəbindən dayandırılıb.
Ümumilikdə, 2022-ci ilin fevralından bəri Kanada Ukraynaya 4,5 milyard Kanada dollarından (təxminən 3,2 milyard ABŞ dolları) çox dəyərində hərbi yardım göstərib.