Tramp: “Ukrayna ilə Rusiyanın sülhə çatması daha vacibdir, sərhədlər mənim prioritetim deyil” - ÖZƏL

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə bildirmişdir ki, onun üçün Ukraynanın sərhədlərinin harada olmasından fərqi yoxdur, əsas odur ki, ölkə Rusiyayla sülh razılığına gəlsin. Olaylar.az xəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Məlumata görə, Vaşinqtondakı görüşdə Tramp Ukraynanın müəyyən ərazilərə bağlı olmadığını vurğulayıb və onun əsas prioritetinin müharibənin sona çatması olduğunu bildirib. Prezident həmçinin Zelenskiyə yaxın vaxtlarda "Tomahawk" tipli uzaqmənzilli raketlərin Ukraynaya verilməyəcəyini söyləyib. Mənbələr bildirir ki, Moskva və Kiyev hələ də müharibəni başa çatdırmaqdan uzaqdır və ərazi məsələləri danışıqların mərkəzində qalır. Donbasın taleyi xüsusi əhəmiyyət kəsb edir. Trampla son telefon danışığında Rusiya prezidenti Vladimir Putin Donetsk vilayətinin qalan 22%-ni öz nəzarətinə götürmədən atəşkəsə razılıq verməyəcəyini açıqlayıb, Ukrayna və Avropa tərəfdaşları isə belə güzəştləri kəskin rədd edib. WSJ mənbələrinin bildirdiyinə görə, Trampın Zelenski ilə görüşündə ABŞ lideri sərt mövqe nümayiş etdirib, döyüş xəritələrinə baxmaqdan imtina edib və Donbasın Ukraynaya qaytarılmasının prioritet olmadığını deyib. O, Rusiyanın regionun artıq 78%-ni nəzarət etdiyini vurğulayıb və müharibənin mümkün qədər tez başa çatmasının əsas məqsəd olduğunu qeyd edib.
Tramp həmçinin jurnalistlərə bildirib ki, Rusiya və Ukrayna arasında sülhü təmin etmək gözlədiyindən daha çətin olub. "Bu, xoşagəlməzdir, çünki iki lider bir-birindən həqiqətən nifrət edir", - deyə o, Zelenski və Putini nəzərdə tutaraq əlavə edib.
Prezident həmçinin xəbərdarlıq edib ki, əgər Rusiya və Ukrayna arasında sülh əldə olunmasa, "çoxları böyük qiymət ödəyəcək". Zelenski onun atəşkəs çağırışını dəstəkləyib və qeyd edib ki, ilk növbədə döyüşlərin dayandırılması, sonra isə sülh razılığı əldə olunmalıdır. Kreml isə bildirir ki, Rusiya hələ də döyüşlərin dayandırılmasına qarşıdır, çünki "öz məqsədlərinə çatmaq" onun üçün prioritetdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31