Lavrov: Putin və Trampın razılaşmalarının icrası istiqamətində irəliləyirik – ÖZƏL
21 Oktyabr 16:36 DünyaOlaylar.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ-nin dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı tərəflər Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə sadiq qaldıqlarını təsdiqləyiblər.
"Dünən Marko Rubio ilə ətraflı müzakirə apardıq. Bu, 16 oktyabrda prezidentlər arasında baş tutan telefon danışığında əldə edilmiş razılaşmaya uyğun idi. Biz Putinin və Trampın, ilk növbədə Alyaskada və telefon danışıqları zamanı əldə etdikləri razılaşmaların icrasına sadiqliyimizi bir daha təsdiqlədik", - deyə Lavrov Efiopiyanın xarici işlər naziri Gedion Timotevosla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Xatırladaq ki, 16 oktyabrda ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə telefon danışığı zamanı yaxın vaxtlarda Budapeştdə görüş keçirmək barədə razılığa gəlmişdi. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da təsdiqləmişdi ki, tərəflər görüşə hazırlıqlara dərhal başlayacaqlar.
Bundan bir gün sonra - 17 oktyabrda Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə Ağ Evdə görüşüb. Məlumata görə, görüşdə Kiyevə silah tədarükü və Budapeştdə keçiriləcək ABŞ-Rusiya sammiti müzakirə olunub. Sonradan Zelenski etiraf edib ki, Trampın komandası Ukraynanın Donbasdan çıxmasını tələb edib. ABŞ lideri isə Kiyevə "Tomahawk" qanadlı raketlərinin verilməsindən imtina edib.
Lavrov qeyd edib ki, Avropanın "Kiyev rejiminin himayədarları" atəşkəsin təmin edilməsini, lakin münaqişənin əsas səbəblərinin aradan qaldırılmasını istəmirlər. Onun sözlərinə görə, bu yanaşma Ankoricdə keçirilmiş Putin-Tramp sammitində əldə olunan razılaşmalara ziddir.
"Avropalılar amerikalıları uzunmüddətli və sabit həll yolundan imtina etməyə, sadəcə dayandırmağa inandırırlar. Halbuki Putin və Tramp Ankoricdə məhz münaqişənin köklü səbəblərinə diqqət yetirmək barədə razılığa gəlmişdilər", - deyə Lavrov vurğulayıb.
Nazirin sözlərinə görə, liderlər həmin görüşdə Ukraynanın NATO-ya cəlb edilməməsi və rusdilli əhalinin qanuni hüquqlarının təmin olunması məsələlərinə xüsusi önəm veriblər.
"Biz bu istiqamətdə işi davam etdirməyə hazırıq", - Lavrov əlavə edib.
Qeyd edək ki, Putin və Trampın sammiti avqust ayında Alyaskanın Ankoric şəhəri yaxınlığında yerləşən hərbi bazada baş tutub. Görüş üç saata yaxın davam edib və bir neçə formatda təkbətək və geniş tərkibdə aparılıb.