Polşa XİN rəhbəri: Putin Budapeştə uçsa, Polşada təyyarəsi məcburi endirilə bilər – ÖZƏL
15:24 DünyaPolşanın Xarici İşlər naziri Radoslav Sikorski bildirib ki, Rusiya prezidenti Vladimir Putin Donald Trampla potensial görüş üçün Polşa ərazisindən uçarsa, onun təyyarəsi məcburi enişə məruz qala və Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında həbs oluna bilər.
Olaylar.az xəbər verir ki, Sikorski "Radio Rodzina"ya müsahibəsində deyib: "Biz zəmanət verə bilmərik ki, müstəqil Polşa məhkəməsi belə bir hipotetik təyyarəni Haaqa məhkəməsinə təhvil vermək üçün hökumətə məcburi endirmək əmri verməyəcək".
Xatırladaq ki, Tramp və Putin arasında bu yaxınlarda baş tutan telefon danışığı zamanı görüşün Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi barədə razılıq əldə edilib, lakin görüşün tarixi hələ müəyyən edilməyib.
Macarıstanla həmsərhəd olan, Serbiya istisna olmaqla, bütün ölkələr Rusiya ilə müntəzəm hava əlaqəsini kəssələr də, Rusiya prezidentinin təyyarəsini öz hava məkanlarından buraxa bilərlər. Polşanın Macarıstanla ümumi sərhədi yoxdur.
Putin 2023-cü ilin mart ayında verilmiş Beynəlxalq Cinayət Məhkəməsinin orderinə əsasən, həmin Məhkəmənin statutunu imzalamış ölkələrdə həbs olunmalıdır.
Sikorski etiraf edib ki, Putin nəzəri olaraq Türkiyə, Qara dəniz, Çernoqoriya və Serbiya üzərindən uçaraq Macarıstana çatana qədər (Macarıstanın BCM-dən çıxma qərarı qüvvəyə minməsə də) Aİ ölkələrinin ərazisindən qaça bilər. Bununla belə, Serbiya və Çernoqoriya da BCM-in üzvləridir.