Ağ Evdə yeni bal zalının tikintisi zamanı fotoqrafiya qadağan edilib - ÖZƏL
21 Oktyabr 14:56 DünyaABŞ Maliyyə Nazirliyi əməkdaşlarına Ağ Evdə tikilən yeni bal zalının görüntülərini paylaşmağı qadağan edib. Olaylar.az xəbər verir ki, The Wall Street Journal qəzetinin məlumatına görə, bu qərar binanın Şərq qanadının bir hissəsinin sökülməsi ilə bağlı yayılan şəkillərin sosial şəbəkələrdə sürətlə yayılmasından sonra qəbul olunub. Nazirliyin baş qərargahı Ağ Evin Şərq qanadının yaxınlığında yerləşdiyi üçün əməkdaşlar prezident Donald Trampın 250 milyon dollar dəyərində qiymətləndirilən yeni bal zalının tikintisini "birinci sıradan" izləyə bilirlər.
Maliyyə Nazirliyinin daxili məktubunda qeyd olunur ki, "Ağ Ev ərazisində tikinti işləri davam etdiyindən, əməkdaşlar Şərq qanadı da daxil olmaqla, ərazinin foto və video çəkilişini və paylaşımını İctimaiyyətlə Əlaqələr İdarəsinin əvvəlcədən təsdiqi olmadan həyata keçirməməlidirlər".
Qeyd edək ki, daha əvvəl The Washington Post yazmışdı ki, Ağ Evin Şərq qanadının bir hissəsinin sökülməsi Trampın "tarixi planlaşdırmaya zərər verilməyəcək" vədinə baxmayaraq həyata keçirilib. Rəsmilərin sözlərinə görə, yeni bal zalı faktiki olaraq Şərq qanadının yerini alacaq.
Layihənin ilkin dəyəri 200 milyon dollar olsa da, sonradan bu məbləğ 250 milyon dollara qədər artırılıb. Tramp bildirib ki, tikinti ABŞ büdcəsindən maliyyələşdirilməyəcək - xərcləri özəl investorlar, şirkətlər və onun özü qarşılayacaq. Yeni bal zalının 650 nəfərlik tutuma malik olacağı gözlənilir.