Rusiya erməni sürücülərin ölkədə qalma müddətini 180 günə qədər artıra bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan İqtisadiyyat naziri Gevorq Papoyan oktyabrın 21-də Milli Məclisin iclasında ölkədən Gürcüstana aparan hər üç yolu bağlamış uzaq yola çıxan sürücülərin etiraz aksiyasını şərh edərkən bildirib ki, Rusiya erməni sürücülərinin öz ərazisində qalma müddətini 90 gündən 180 günə qədər uzatmağı planlaşdırır.
Söhbət Bavra, Baqrataşen və Qoqavan buraxılış məntəqələrindən gedir.

Papoyanın sözlərinə görə, 90 günlük məhdudiyyət tətbiq olunduqdan dərhal sonra Rusiya həmkarları ilə danışıqlara başlanılıb və Ermənistan tərəfi bu məsələ ilə bağlı narahatlığını bildirib. Rəsmi İrəvan hesab edir ki, bu müddət (90 gün) kifayət deyil.

Hökumət nümayəndəsi izah edib ki, Gürcüstan-Rusiya sərhədindəki növbələr səbəbindən sürücülər bir neçə gün gözləməli olur, bundan sonra hələ yükləri təhvil verib geri qayıtmalıdırlar.

Nazir qeyd edib ki, Ermənistan tərəfi Rusiyaya rəsmi müraciət edərək qalma müddətinin 90 gündən 180 günə dəyişdirilməsini xahiş edib.
Papoyan əlavə edib: "Rusiya həmkarları arqumentlərimizlə razılaşıblar və məlumatlarımıza görə, müvafiq layihə artıq hazırlanıb və daxili təsdiq mərhələsindədir."

O, həmçinin bu məsələnin oktyabrın 24-də Avrasiya İqtisadi Komissiyasının iclasında müzakirə olunacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31