Ermənistan Almaniyadan 84,6 milyon avro kredit və qrant alacaq – ÖZƏL

Ermənistan və Almaniya hökumətləri arasında aparılan müzakirələrin əsas diqqət mərkəzində bərpa olunan enerji, enerji səmərəliliyi, peşə-texniki təhsil, su infrastrukturunun yaxşılaşdırılması, ərazi idarəetməsi islahatları və texnologiya sektoru üzrə əməkdaşlıq olub.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan oktyabrın 21-də Milli Məclisin iclasında "Ermənistan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında 2023-cü il üçün Maliyyə Əməkdaşlığı Sazişi"nin ratifikasiyası məsələsinin müzakirəsi zamanı bildirib.

Papoyanın sözlərinə görə, Ermənistana ümumilikdə 84,6 milyon avro məbləğində qrant və kredit veriləcək. Bunun 69 milyon avrosu bir saziş çərçivəsindədir (66 milyon avrosu kredit), 3 milyon avrosu isə qrantdır. Əlavə 15,6 milyon avro məbləğində qrantlar isə GİZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı) vasitəsilə bağlanmış texniki saziş çərçivəsində təqdim ediləcək.

Nazir qeyd edib ki, kredit iki mərhələdə veriləcək. Birinci mərhələdə 26 milyon avro kredit və 2 milyon avro qrant, ikinci mərhələdə isə 40 milyon avro kredit və 1 milyon avro qrant nəzərdə tutulub. Vəsaitlər "Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinin İnkişafı" proqramının həyata keçirilməsinə yönəldiləcək.

Hökumətin bu müsbət təqdimatına baxmayaraq, layihə parlament müxalifətində narahatlıq doğurub. Müxalif "Ermənistan" blokundan olan deputat Artur Xaçatryan hökumətin, əslində, növbəti dəfə onsuz da artmış dövlət borcunu artırmaq qərarına gəldiyini və bu məqsədi "gözəl qablaşdırma" ilə ört-basdır etməyə çalışdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31