Hindistan Gürcüstanda neft hasilatına 50 milyon dollar investisiya qoyacaq – ÖZƏL

Hindustan Silicon Private Limited şirkəti Gürcüstanın qərbində neft hasilatına gələcək dörd il ərzində təxminən 50 milyon ABŞ dolları həcmində investisiya qoyacaq.

Olaylar.az xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, müvafiq Məhsul Bölüşdürülməsi Sazişini (MBS) Gürcüstanın Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Giorgi Tatişvili, Gürcüstan Neft və Qaz Korporasiyasının baş direktoru Ekaterine Sisaveri və Hindustan Silicon Private Limited şirkətinin direktoru Hitiş Kumar Nayak imzalayıblar.
Müqavilə imzalandıqdan sonra şirkət dövlət büdcəsinə 4,15 milyon dollar ödəyəcək.

Layihə çərçivəsində müasir texnologiyalardan istifadə etməklə yeddi istismar quyusunun dərinləşdirilməsi və qazılması, eləcə də iki yeni kəşfiyyat quyusunun qazılması planlaşdırılır.

İmzalama mərasimində çıxış edən nazir müavini İnqa Pxaladze bu sazişin Gürcüstan və Hindistan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım olduğunu bildirib: "Bu saziş Gürcüstanın enerji ehtiyatlarının inkişafına, yeni sərmayələrin cəlb edilməsinə və neft hasilatı sektorunda müasir texnologiyaların tətbiqinə kömək edəcək."

Onun sözlərinə görə, bu təşəbbüs Gürcüstanın enerji təhlükəsizliyini möhkəmləndirəcək, habelə iqtisadi artım və regional inkişaf üçün yeni imkanlar yaradacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31