Netanyahu Türkiyənin Qəzza sülh planında iştirakına qarşı çıxır - ÖZƏL
09:48 Dünyaİsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı sülh planının həyata keçirilməsində Türkiyənin iştirakına qarşı çıxır. Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, Netanyahu Qəzza ilə bağlı yeni atəşkəs danışıqlarına qayıtmağı planlaşdırsa da, bu prosesdə Türkiyənin yer almasını istəmir.
Mənbənin məlumatına görə, İsrail baş naziri beynəlxalq sabitlik qüvvələrinin tərkibində Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yer almasına etiraz etmir. Lakin o, həmin qüvvələrə Türkiyə hərbçilərinin daxil edilməsinə qarşıdır. Netanyahu bu qüvvələrin HƏMAS-ın tərksilah edilməsini və tunellərin məhvini təmin etməsini istəyir.
Daha əvvəl "The New York Times" yazmışdı ki, ABŞ administrasiyası Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampın təklif etdiyi Qəzza sülh planını pozacağından ehtiyat edir. Qəzetin məlumatına görə, Vaşinqtonun strategiyası İsrail baş nazirini HƏMAS-a qarşı genişmiqyaslı hücumu davam etdirməkdən çəkindirməkdir. Bu missiyanı Trampın xüsusi elçisi Stiven Uitkoff, vitse-prezident Cey Di Vens və prezidentin kürəkəni Cared Kuşner həyata keçirir.
Qeyd edək ki, 29 sentyabrda Ağ Ev Trampın hazırladığı 20 maddəlik "Qəzza sülh planı"nı açıqlayıb. Sənəddə müvəqqəti xarici idarəetmə mexanizminin yaradılması və bölgəyə beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulur.
13 oktyabrda Misirin Şarm əl-Şeyx şəhərində keçirilən sülh sammitində Misir prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd Əs-Sani, ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan atəşkəs barədə yekun razılıq əldə ediblər. Sammit iştirakçıları planın növbəti mərhələlərinin - Qəzzənin idarə olunması, infrastrukturun bərpası və siyasi nizamlanma məsələlərinin həyata keçirilməsinə çağırıblar.