Zaxarovadan SON DƏQİQƏ açıqlaması: Moskva Bakı ilə sıx əməkdaşlıqda maraqlıdır
15:34 DünyaMoskva Bakı ilə sıx əməkdaşlıqda maraqlıdır.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib.
Zaxarova vurğulayıb ki, Rusiya Azərbaycanla müxtəlif regional formatlarda, o cümlədən MDB və ŞƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, Xəzər beşliyi və 3+3 regional əməkdaşlıq platformasında, eləcə də Avrasiya təhlükəsizlik arxitekturasının qurulması çərçivəsində sıx əməkdaşlıq etməkdə maraqlıdır.
"Biz Bakı ilə Avrasiya İqtisadi İttifaqı çərçivəsində dialoqun güclənməsini müşahidə edirik. Azərbaycanın Baş nazirinin Avrasiya Hökumətlərarası Şurasının iclaslarında fəxri qonaq kimi iştirak etməsi bu əməkdaşlığın yaxşı ənənəsini göstərir. Sonuncu belə tədbir bu il sentyabrın 30-da Minskdə keçirilib", - Zaxarova bildirib.
O əlavə edib ki, MDB formatında əməkdaşlıq da yüksək qiymətləndirilir. "Azərbaycan tərəfi əməkdaşlığın müxtəlif sahələrində çox fəaldır. Məsələn, bu il ölkə MDB-nin hər üç tematik paytaxtına ev sahibliyi edir: Qəbələ - gənclər paytaxtı, Laçın - mədəniyyət paytaxtı, Gəncə - idman paytaxtı. Sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycan şəhərlərində 23 idman növü üzrə 1 500-dən çox idmançının iştirakı ilə III MDB Oyunları uğurla keçirilib", - Rusiya XİN sözçüsü qeyd edib.
Zaxarova həmçinin Bakının oktyabrın 10-da Düşənbə sammitində bir sıra yekun sənədlərə qoşulmasını alqışlayıb. Buraya dövlət başçılarının transmilli cinayətkarlığa qarşı əməkdaşlıq və Çernobıl AES-də baş vermiş faciənin 40 illiyi ilə bağlı bəyanatları daxildir.
"Azərbaycan həmçinin 2026-2028-ci illər üçün terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq proqramını dəstəkləyib. Bu proqram MDB ölkələrinin regional təhlükəsizliyin təmin edilməsi üzrə konkret orta müddətli fəaliyyət istiqamətlərini müəyyən edir", - Rusiya XİN nümayəndəsi əlavə edib.