İrəvandakı “erməni soyqırımı” memorialında qəfil təmir: təsadüf, yoxsa siyasi mesaj? - ÖZƏL
14:16 DünyaErmənistan paytaxtındakı qondarma "erməni soyqırımı"memorialında yerləşən əbədi məşəlin ziyarətə bağlandığı və ərazidə qəfil "təmir işlərinə" başlanıldığı bildirilir. Maraqlıdır ki, bu addım Ermənistanın ən türküyönümlü siyasət apardığı dövrə təsadüf edir. Məsələ İrəvanda geniş müzakirələr doğurub.
Memorial kompleksində baş verən bu "təmir" prosesi sırf təsadüf ola bilərmi, yoxsa siyasi mesaj xarakteri daşıyır? Ermənistan cəmiyyətində bu addımın hansı reaksiyaları doğuracağı və daxili siyasi proseslərə təsiri necə ola bilər?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Əslində, burada təəccüblü heçnə yoxdur. Yəni, birincisi, ən sadə variantda bu həqiqətən təmir işləri ilə əlaqədar ola bilər. Həmin kompleks uzun müddətdir ki, köhnəlmişdir və təmirə ehtiyac olan məqamlar var idi. Ən sadə formada məsələ bu baxışdan mövqe tutmaq olar. Amma əlbəttə ki, Türkiyə ilə münasibətlərin normallaşdırıldığı və Azərbaycandan konsultiv danışıqların getdiyi, real nəticələrin əldə olunduğu bir zamanda Paşinyanın belə bir addım atması prinsipcə təəccüblü deyil. Erməni soyqırımı məsələsi kifayət qədər mübahisəli və tarixi müzakirəyə açıq bir mövzudur. Hər şeydən öncə, ortada ermənilərin qeyd etdiyi kimi bir soyqırımın olub-olmadığı tarixçilər tərəfindən və ümumiyyətlə hər iki ölkənin, o cümlədən avropalı mütəxəssislərin tarixi sənədlər əsasında araşdırılmalı və əldə olan məlumatlar müqayisə edilməlidir. Bir yeni çalışma ilə məsələnin dəqiq bir nöqtəyə çıxarılması zəruridir. Subyektiv görüşüm belədir ki, ermənilərin qeyd etdiyi kimi bir soyqırım aktı həqiqətən də olmayıb. Təbii olaraq həmin dövrdə - 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində gedən siyasi proseslərdən danışırıq. Həmin dövrdə Anadolunun etnik tərkibi kifayət qədər kosmopolit idi. Ərazidə kürdlər, ərəblər, türklər və ermənilər yaşayırdı. Ermənilərsə, kürdlər və türklərdən fərqli olaraq kompakt şəkildə yaşadıqları ərazilərə malik deyildilər. Məsələn, Türkiyənin bu günkü şərq vilayətlərində ermənilər yaşayırdı. Hətta İstanbulda da ermənilər mövcud idi. Problem odur ki, Osmanlının son dönəmlərində, dövlətin zəifləməsi fonunda ermənilər də, məsələn, yunanların və serblərin müstəqillik hərəkatına nail olması, bulqarların dövlət qurması və Balkanlarda gedən milliyyətçi hərəkat fonunda öz dövlətlərini qurmaq qərarına gəldilər və qərbdən dəstək alaraq fəaliyyətə başladılar. Ermənilərin ən böyük problemi həmin ərazidə türklər və kürdlərlə müqayisədə üstünlük təşkil etməmələri idi. Məsələn, kürdlərin sayca çox olduğu ərazilər vardı, amma ermənilər belə bir üstünlüyə malik deyildilər. Buna görə ermənilər, əlverişli olmayan vəziyyəti öz xeyirlərinə çevirmək üçün ən yaxşı bacarıqlarına - qorxu psixologiyasına əl ataraq, ərazidə türklərə və kürdlərə qarşı etnik təmizləmə siyasəti yürütməyə başladılar. Bu proseslər fonunda və Birinci Dünya müharibəsi illərində ermənilərin Osmanlıya arxadan zərbə vurma ehtimalları nəzərə alınaraq, ərazidən köçürülməyə başlanıldı. Yaxın Şərq və daha uzaq ərazilərə köçürülmə prosesi həyata keçirildi. Ermənilərin iddiası budur ki, onlara qarşı törədilən hərəkət Osmanlı ordusu tərəfindən həyata keçirilib. Burada incə bir detal var: Osmanlı ordusu daxilində Hamidiye alayları mövcud idi. Bu alaylar yerli kürd aşiret rəislərindən təşkil olunurdu və Osmanlı mərkəz idarəsindən uzaqda olan ərazilərin yerli özünüidarə qüvvələrini təşkil edirdi. Ermənilərin də vaxtilə kürdlərə, kürd kəndlərinə qarşı basqı tətbiq etməsi və ərazilərdə kürdlərə zərər verməsi nəticəsində ermənilər və kürdlər arasında qan davası yaranmışdı. Təbii olaraq köç prosesi zamanı Hamidiye alayları, yəni kürd aşiret qüvvələri yol boyunca böyük ehtimalla belə hadisələr törətmişdir. Bu mənim subyektiv görüşümdür və tarixə əsaslanaraq gəldiyim nəticədir. Amma məsələnin həqiqətən də araşdırmaya ehtiyacı var. Türkiyə ilə münasibətlərin normallaşmasını Ermənistan istəyirsə, həll olunması zəruri olan problemlərdən biri də ermənilərin soyqırımları ilə bağlı iddialarıdır. Hələlik bu iddialar üzərində iş aparılmalıdır. Ermənistan Türkiyənin tarixə dair araşdırma və komissiya qurma təkliflərini rədd edərək, əvəzində diaspor və lobbi vasitəsilə Avropada, Amerikada və dünyanın digər regionlarında aktiv propaganda və yanlış informasiya əsasında siyasət yürütmüşdür.
İndi isə abidənin bu təmir və ya ziyarət məqsədilə bağlı addımı ola bilər ki, bu həm də Türkiyə ilə münasibətlərin normallaşması fonunda baş verir. Münasibətlər uğurla davam edəcəksə, gələcəkdə tarixçilərdən ibarət komissiya qurulub məsələnin müzakirəyə çıxarılması və həqiqətlərin ortaya çıxarılması mümkün ola bilər. O vaxta qədər abidənin müəyyən müddət bu vəziyyətdə qalması mümkündür və münasibətlərin normallaşması istiqamətində uğurlu bir praktikanın təməlini ata bilər. Real nəticələrinin verilməsi baxımından bu, müsbət bir jest kimi qiymətləndirilə bilər".
Zeynəb Mustafazadə