Azərbaycan, Türkmənistan və Özbəkistan: Orta Asiyada strateji üçbucaq - ÖZƏL
16:17 SiyasətTürkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə sənədlərin imzalanması mərasimi keçirilib. Tərəflər "Azərbaycan, Türkmənistan və Özbəkistanın Birgə Bəyanatı"nı qəbul ediblər. Bundan başqa, hava əlaqələrinin inkişafı, Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşması, eləcə də nəqliyyat-logistika əməkdaşlığına dair anlaşmalar imzalanıb.
Bu üçtərəfli əməkdaşlıq bölgədə yeni siyasi və iqtisadi ittifaqın əsasını qoya bilərmi? İmzalanan sənədlər regional nəqliyyat və logistika xəritəsini necə dəyişə bilər?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Düşünürəm ki, bu əməkdaşlıq formatı çox uğurlu ola bilər, belə ki, indiyə qədər bizim Özbəkistanla xüsusilə əməkdaşlığımız Orta Asiya ölkələri içində iqtisadi sahədə daha çox inkişaf etmişdir. Bununla bağlı imzalanmış müqavilələr var, ortaq 5 milyon dollarlıq bir investisiya fondu yaradılıb. Daha sonra bu fondun məbləğinin bir neçə dəfə artırılması ilə bağlı razılıq əldə edilib. Demək olar ki, bu fond əsasən bir sıra layihələrə xərclənib, ölkələr arasında əlavə müqavilələr imzalanıb və hələ də yeniləri hazırlanır. Azərbaycan və Özbəkistan artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu məsələdə biz Türkmənistanı da bu istiqamətdə inkişaf edəcək ölkə kimi görürük. Türkmənistan uzun müddət qapalı ölkə elan olunmasına baxmayaraq, onun prezidentinin Qarabağa gəlməsi, orada Cənab Prezidentimizin Qarabağ atı hədiyyə etməsi, daha sonra Aşqabadda Türkmənistan prezidentinin Prezidentimizə Axaltəkə atı təqdim etməsi göstərir ki, Türkmənistan da bu prosesə qoşulacaq. Türkmənistanla da ortaq investisiya fondu yaradıla bilər. Yəni üçtərəfli - Türkmənistan, Azərbaycan və Özbəkistan arasında ortaq investisiya fondu yaradılıb hər üç ölkədə iqtisadi yatırımlar həyata keçirilə bilər. Bu, tamamilə mümkün olan bir məsələdir. Başqa bir məqam ondan ibarətdir ki, bizim üçtərəfli əməkdaşlıq formatlarımız olub və çox uğurlu nəticələr verib. Məsələn, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Qazaxıstan-Türkiyə və sair formatlar çox uğurlu olub. Məncə, bu format da uğurlu olacaq. Əlavə olaraq, hər üçü Türk ölkəsidir və bu, Türk Dövlətləri Təşkilatının inkişafını da dəstəkləyə bilər.
Artıq bizim Qırğızıstanla xüsusi əlaqələrimiz var, ortaq fondumuz var, birgə layihələrimiz həyata keçirilir. Özbəkistanla münasibətlər strateji səviyyəyə yüksəlib. Türkiyə ilə Azərbaycan faktiki olaraq "bir millət, bir dövlət" prinsipi ilə hərəkət edir. Türkmənistan da bu prosesə qoşulsa, Türküstan coğrafiyası bütövlükdə Türk Dövlətləri Təşkilatının iqtisadi inkişafına inteqrasiya oluna bilər. Düşünürəm ki, burada gələcəkdə regional və qlobal layihələrin əsası da qoyula bilər. Məsələn, Qazaxıstan nefti Azərbaycanın üzərindən birbaşa Avropaya ötürülə bilər. Eyni şəkildə Transxəzər qaz boru kəməri çəkilə bilər. Beləliklə, Türkmən qazı İrana və ya Çinə baha qiymətə yox, daha münasib şərtlərlə Azərbaycanın üzərindən Avropaya daşına bilər. Azərbaycan tranzit ölkə olaraq bundan böyük gəlirlər əldə edə bilər. Eyni zamanda mümkündür ki, Azərbaycanda böyük neft emalı layihəsi həyata keçirilsin, Qazaxıstan nefti Bakıda emal olunub dünya bazarına çıxarılsın. Bu halda həm tranzitdən, həm Qazaxıstan neftinin satışından, həm də emalından böyük gəlirlər əldə oluna bilər. Məncə, bütün bunlar yalnız iqtisadi əməkdaşlıq deyil, həm də Türk dünyasının və Türküstan coğrafiyasının inkişafını təmin edən yeni bir mərhələdir. Bu, Türk Dövlətləri Təşkilatının bölgədə yeni bir orta güc mərkəzi yaratmasına səbəb olacaq. Gələcəkdə hətta Əfqanıstan, Pakistan, Tacikistan kimi türk olmayan, bölgənin digər dövlətlərinin də bu əməkdaşlığa qoşulması mümkündür".
Zeynəb Mustafazadə