"Mən əlahəzrət oxucuyam"

Maraqlı  fikirləri  var  , eyni zamanda  orijinal. Gözəl  şeiri  ədəbiyyat  hadisəsi  adlandırır. Ümumiyyətlə gözəllik  vurğunudu. İçində  kin , küdurət  saxlamaz, paxıllıqdan  min il  uzaqdı. Açıqsözlüdü . Həqiqətləri deməkdən  çəkinmir. Sözü  sevir , poeziya  qanına  hopub. Düşüncələri  fərqlidi . Elinə , obasına  çox bağlıdı. Özünü  gürzəli  şoran  torpaqların  şairi  adlandırır. Bununla  da  fəxr  edir.
Üzünü  doğma  elinə , obasına  tutub :

-Nə qarlı dağların , buz  bulaqların ,
Nə yaşıl nəğməli  meşələrin  var.
Nə mavi suların , qağayıların ,
Nə dilbər  qucaqlı guşələrin  var,
Bəs  niyə  bu qədər  şirinsən mənə?
 -deyir şair  Zabil  Pərviz. 

Vicdanlıdı . Pisə  yaxşı , yaxşıya  pis  deməz. Dünyaya  işıq  tərəfdən baxar. Ədalət  həyat  amalıdı.  Xaqaniylə , Saib Təbriziylə  yola  çıxar  hərdən. Əlbəttə  xəyalən. Bəzən  onu  anlamazlar. Sözünün dərinliklərində  yatan  fikirləri  çox vaxt  qaranlıq  qalar  bəzilərinə.  Amma  özü  sözünün  min il  sonra da  eyni  dəyərdə qalacağına  inanar. Haqlıdı  da. Sözünə arxayındı  axı. Təkliyiylə  danışar  çox vaxt..Özünü  kiməsə etibar  etməz.
 "Adamlar  da  maşın kimidi. Gərək  məsafə saxlayasan. Yoxsa  qəza  olar"- deyir.   Bu fikirləriylə də şərikiəm. 
Yaşıyla  hərəkətləri  bir -birini  tamamlayır . Hər  sözü  zamana  görə  seçir.

Haçan ki ,"ev bizim , sirr  bizim olar"
Baharın  yolunu  qışla  bağlarıq.
Dostlarla  qırılan  əlaqəmizi 
Bəhanə  gətirib  işlə  bağlarıq ,
Onda  gəncliyimiz  tərk  edər  bizi 

-- deyən  şair ömrün bütün fəsillərini  ürəyi dolu   qarşılayır.  
Axı  ömrün  qışı  bəhanələrin  dolu  olduğu  fəsildi. İnsanın  yorulan , dizinin   gücdən ,  təpərdən  düşən  vaxtıdı. Zabil  Pərviz  bütün  fəsillərdə  sözünə  söykənən  şairdi. Demək  qışdan  da  qorxusu  yoxdu. 
 Eyni  zamanda çox maraqlı  və zəngin  daxili  aləmi  var.  Arada  telefon  söhbətlərimiz  olur. O özü  də  bilmədən  oxumağa  çalışıram onu. Hər  söhbətimizdə   bir az da  yaxından tanıyıram Zabil Pərvizi.  Bu söhbətlərin  hərəsi  bir  ədəbi  hadisədi deyirəm  özünə. Ara -sıra  qələmə alın ,  yazın  , itib batmasın  , heyfdi,  deyirəm. Oxunmalı , nəticə  çıxarılmalı , ibrətamiz  söhbətlərdi hamısı.  
Kitab oxumağ  , mütaliəni  sevir.  Oxuduğu  kitab  qəhrəmanlarına  bənzədir   özünü . Elə  ləqəbi  də  özünə  Xosrov Pərvizin  eşqinə  götürüb . Gözəl  ədəbiyyatçı ,  səviyyəli   oxucudu  həm də. Sözə   çox  bağlıdı.  Susayanda  şeir  yazır,  darıxanda  şeir  yazır  .Elə  küsəndə  ,  inciyəndə  də.
  Antik  ədəbiyyatı  , xarici  ədəbiyyatı , klassikləri  heç  vaxt  yaddan çıxarmır. Müasirliyin  də  qətiyyən əleyhinə deyil,  yetər ki, əndazəni  aşmayasan. Əsl  Sözə sufi  sevgisi  var. Saatlarla  ədəbiyyat  söhbətləri  edir ,  yorulmur. Bir sözlə xəmiri  sözlə  yoğrulub. Titul , medal  dalınca  qaçmaz. Əsl  titulu  şairlikdi. Onu   da  Tanrı  verib(özü demiş)  Bundan böyük   mükafat  ola  bilərmi? . Dopdolu  şükranlığı  var Yaradana. Ovucları  duadan , ürəyi  sevgidən asılıb.  İddiası  da  böyük  deyil. Sözdə  çəkisini  və yerini  gözəl  bilir.  Məsləhət  verir, məsləhət  alır. Özünü  qaldırıb dağ  başına  qoyanları   sevmir.  Adamı  gendən-genə tanıyır. Sözündən. 
Vətəni  ürəkdən  sevir .Sözünün  bu başı da  Vətəndi  , o başı da:

Mənim damarımda  axan qan  deyil ,
Vətən  cövlan edir  damarlarımda  -deyir .

Şairdən  gözəl  şeir  gözləyir  . " Mən əlahəzrət  oxucuyam - deyir,  zəhmət  çək  mənim  zövqümü  oxşayan şeirlər yaz. Sənin ixtiyarın yoxdu  məni  yorasan  və incidəsən".
Zabil  Pərviz  kədəri  də , qəmi  də olduğu  kimi  qəbul  edənlərdəndi.  Ağrıların  gözünə dik baxan şairdi :

Yüz  sevincə qatılsa da ,
Yüz  gülüşə qarışsa da 
Yeyilməyən  yavan  kədər..
Sən babamdan  qalan  sərvət  , 
sən  atamdan qalan dövlət .
Mən bələdəm  dəyərinə  , dəyməzinə yüngülünə , ağırına ,
Çeynədiyin oğulların  varisiyəm  ,
Çıxacağam axırına.

Bu misralarda  böyük  əzm , dəyanət  və  inam var - sabaha  , gələcəyə  , sevgiyə ..
Şoran torpaqların  şairi  susuzluğunu  sözlə yatırır . Ciyəri  yananda  sözlə  ovunur. İlan  mələyən torpaqların  şairi  olmağıyla  həmişə  fəxr edir. Bilir  ki,  onsuz  da   harda  olsa   səsi  bütün  Azərbaycana  çatır. Bu sarıdan  da   xoşbəxtdi. 

Bülbüllər  oxuyar  Kür  sahilində ,
Bülbüllər  oxuyar  gecə sübhəcən.
Xuraman  ləpələr , xumar  ləpələr 
Nəğmə yarışından  keçər  sübhəcən. 

Başdan  ayağa duyğu  yüklü  şeirdi . Oxuduqca   gözümüzün  önünə  Kür  sahili , gecənin  qoynunda  bir  -birilə  sevişən ləpələr gəlir ,  qulağımızda  bəxtəvər  bülbüllərin  səsi cingildəyir. 

Nə vaxtsa   bu  yoldan  keçmişəm  atlı,
Tanışdır  qarsımış  çiçəklər mənə.
Bir  muğam  oxuyur  doğmalıq  adlı
Qarğılar , qamışlar , küləklər  mənə.

Dizimi  göynədən  tikanlar  tanış,
Burda qarışmışam yovşan  ətrinə.
Doğma  halalına  haram qatmamış
Biçənək  ətrinə,  kövşən  ətrinə ...

Bu  misralarda  nə  gizlənməyib ? Həsrətin , ayrılığın  , saflığın  ,  doğmalığın  havası  uzaqdan  vurur  adamı. Dipdiri , dupduru  hislərin təcəssümüdü  bu  lirik  şeir. Qızmar  kənd , yollar , çəpərlər  , küləklər , tikanlar  , kollar  , yovşanlar , otlar  dil açıb danışır  adamla  Zabil  Pərvizin diliylə. 

Ümumiyyətlə   Zabil Pərviz  lirikası   qaynardı , od  kimidi.  Hamının  ürəyindən  keçənləri  şeirə  çevirmək  məharəti  var  bu şairdə. Özünü  əsrlər  sonra  Nizami , Nəsimi ,  Xaqaniylə  eyni  məkanda  görəcəyinə  çox  inanır.  
 İlham pərisi  həmişə oyaq  olan bu şairin özünün Söz dünyası var. Tərtəmiz , qalsız, qeybətsiz , bütün  münaqişələrdən  və  intriqalardan uzaq  dünyasında həmişə özüylədi. Söhbəti  sevir. Ədəbiyyat  söhbətlərində saatlarla  adama  yoldaşlıq  edə bilir. Hər mövzuda  dialoqa  girməyi  bacarır . Bir sözlə sözünə  sadiq  şairdi. Sözünə toxunan olmasa min il  yoldaşlıq  etmək olar  Zabil Pərvizlə. Ürəyi istəməyən heç nəyi  danışmaz. Yalançı tərifləri  və alqışları sevməz. Sözü  urvatdan salanlara  qarşı  qalxanı elə özü demiş  əlahəzrət  Sözüdü. Orta  həddi sevmir. Onunçun ya  var olmalısan  , ya da yox. Dostluqda da  elədi. Tələbkardı  və  eyni zamanda  ona  bildirilən iradlara da daim qapısı açıqdı. Kökdən çıxmır.
Obrazlı  ,  poetik  ifadələrlə  zəngin  şeirləri  oxucuyla  tez  dil  tapır . 
Ən çox  heca  vəzninə vurğundu. Deyir   o  vəznin  özünün  xüsusi   ahəngi  , ritmi   var .  Amma  bütün vəznlərdə  yazılan əsl  şeirlərə də  hörmət və ehtiramla  yanaşır. Ütülü  danışmağı  xoşlamır , amma  pərakəndəliyində  də bir  nizam var.
 Onunçun Azadlıq anlayışı bəşəridi,  amma  onun  da  sərhəddi olmalıdı. Keçdinsə  azadlıq  deyil. 
Məmməd Araz  , Xəlil  Rza  sevdalısıdı. Tez -tez  onlardan söz açır  , kövrəlir , qürurlanır . Deyir  vaxtilə  ədəbiyyata   məni  nəhəng  söz  adamları  uğurlayıb. Ustadlarını   daim  məhəbbət  və ehtiramla   xatırlayır.  Sinədəftərdi. Zaman -zaman  sevdiyi  şeirləri   hafizəsinə köçürüb. Hansı  mövzuda  desən  şeir  tapmaq  olar  Zabil  Pərvizdə.  
Gözəl  şeir  görəndə sevinir. Uşaq  kimi  safdı.     Ürəyində  həsrət  yaşayan şair bəzən    sükutun  diliylə  də  danışır adamla. Səssizliyində   gizlədər  bəzən  ürəyindən  keçənləri.  Bilirəm ki, deməsə  də  bu yazını  da  çoxdan gözləyirdi  məndən.  O da gözləyirdi  , mən də. O da  darıxırdı  , mən də. Axı  bu yazı  da  doğulmalıydı. Şeir kimi . Nəhayət   ki, doğuldu--
Gecənin  aydınlığında  , ay işığında   , başında  külək  , gözlərində  işıqla  doğuldu. Əsl Zabil havasında. 
Bütün şeirlərimi  muğam  üstündə yazıram deyir şair. İstədim bu yazı da  muğam üstə  doğulsun. 
Xəmiri  ədalətdən və həqiqətdən  yoğrulan  bu yazının da  öz oxucuları  olacağına  inanıram. Ömrünün payızında  könlündə   bahar çiçəkləri açan  şairin oxucuları  da  özü  ruhda  olmalıdı axı . Ruhu yorulmasın  nə  şairin , nə  əlahəzrət  oxucunun.

Təranə Dəmir. Şair -publisist.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31