İşğaldan abadlığa: Kəlbəcərdə dövlət siyasətinin yeni mərhələsi - ÖZƏL

"Cənab Prezident İlham Əliyevin Kəlbəcərə səfəri və burada yerli sakinlərlə görüşdə çıxışı mühüm əhəmiyyət kəsb edir. Çünki çıxış zamanı bir sıra mühüm məqamlara Cənab Prezident toxundu. Xüsusilə bölgənin işğalı və işğaldan sonrakı dövr, eləcə də ərazilərin işğaldan azad olunması, postmünaqişə dövrünə dair çox önəmli vurğular edildi". 

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib: 
" Çünki işğal dövründə ATƏT-in Minsk qrupu BMT qətnamələrinin yerinə yetirilməsi üzərində işləməli idi. Təəssüflər olsun ki, öz funksiyalarını yerinə yetirmədilər və yalnız işğalın müddətinin uzadılmasına dəstək oldular. Eləcə də işğal dövründə Azərbaycanda olan hərc-mərclik, vəzifə davası, AXC-Müsavat cütlüyünün xəyanəti torpaqlarımızın işğalını daha da sürətləndirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müasir ordu quruculuğuna start verildi və Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev bu siyasəti məntiqi sonluğuna çatdırdı.44 gün davam edən müharibə nəticəsində düşmənə sarsıdıcı zərbə endirildi və dağlıq relyefi, sərt təbiəti olan Laçın və Kəlbəcər bir güllə atılmadan azad edildi, Azərbaycan nəzarətinə verildi. Eləcə də Ağdamın böyük hissəsi həmin dövrdə işğal altında idı və bu üç rayonun bir güllə atılmadan, bir şəhid vermədən azad edilməsi böyük siyasi və hərbi qələbə hesab oluna bilər.
Eyni zamanda, torpaqlar azad edildikdən sonra burada sürətli abadlıq və quruculuq işlərinə start verildi. İnfrastruktur obyektlərinin inşasına başlanıldı. Bu gün isə biz görürük ki, keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdırlar, Cənab Prezident onlarla görüş keçirir və azad Kəlbəcərdə böyük planlar üzərində müzakirələr gedir.
Eyni zamanda bölgədə üç beynəlxalq hava limanının istifadəyə verilməsi, eləcə də Böyük Qayıdış proqramı çərçivəsində bizim keçmiş məcburi köçkünlərin ləyaqətli şəkildə məşğulluğunun təmin edilməsi və təhlükəsizliyin artırılması ilə öz doğma yurdlarına qayıdış prosesi həyata keçirilir. Bu, dövlətimizin böyük qələbələrinin davamı kimi qiymətləndirilə bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31