Cenevrə görüşü: İranla Qərb arasında nüvə danışıqlarından nəticə gözlənilmir – ÖZƏL
16:16 SiyasətSabah Cenevrədə İranla Böyük Britaniya, Fransa və Almaniya arasında növbəti nüvə danışıqları keçiriləcək. Görüşdə əsas müzakirə mövzuları Tehranın nüvə proqramı və sanksiyaların aradan qaldırılması olacaq. İrana XİN müavini Məcid Təxt Rəvançi, Avropa ölkələrinə isə üçlüyün xarici işlər nazir müavinləri rəhbərlik edəcək.
"Böyük Britaniya, Almaniya və Fransa son dövrlərdə həm dövlət və hökumət başçıları, həm də xarici işlər nazirləri səviyyəsində İranın nüvə danışıqlarında etibarlı tərəfdaş olmadığını vurğulayır və buna görə də İrana qarşı yeni sanksiyaların tətbiq olunmasına dair sərt açıqlamalar verirlər. Nəzərə alsaq ki, İsrail də İran xalqına müraciət edərək onları mövcud rejim dəyişənə qədər azadlıq uğrunda mübarizəyə çağırır, bütün bu konfiqurasiya belə düşünməyə əsas verir ki, İranla Qərb arasında aparılan nüvə danışıqları daha çox formal xarakter daşıyır".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, Qərb ölkələri əmindir ki, İran heç vaxt nüvə proqramından tam imtina etməyəcək. Eyni zamanda, İran da nüvə imkanlarını milli təhlükəsizliyinin qarantı hesab edərək bu istiqamətdə geri addım atmaq niyyətində deyil: "12 günlük müharibədən sonra da İran rəsmilərinin nüvə araşdırmalarını yalnız dinc məqsədlərlə davam etdirəcəklərini bəyan etmələri sabah bu tədqiqatların hərbi məqsədlərə yönəlməyəcəyinə heç bir zəmanət vermir. Ona görə sabahkı görüşdən ciddi nəticə gözləməyə dəyməz. Görüşün əsas əhəmiyyəti, böyük ehtimalla, nüvə danışıqlarının növbəti dəfə nəticəsiz qalmasında və bunun fonunda Avropa dövlətləri tərəfindən İrana qarşı yeni sanksiyaların tətbiqinə start verilməsində olacaq. Bununla paralel olaraq İsrailin həm İranda azadlıq uğrunda mübarizə aparan etnik qruplara, həm də mövcud rejimdən narazı olan farslara dəstək verməsi mümkündür".
"Bu mərhələdən sonra İsrailin təsiri ilə İrana qarşı həm yeni hərbi əməliyyatların başlanması, həm də xalq üsyanlarının yaranması nəticəsində rejimə qarşı mübarizənin yeni mərhələsinin şahidi ola bilərik. Sabahkı görüşün isə heç bir halda İranla Qərb arasında nüvə danışıqları üzrə prinsipial qərarların qəbul edilməsi ilə nəticələnəcəyi gözlənilmir," - deyə siyasi şərhçi əlavə edib.
Sevda Dəniz