Bakıda havanı çirkləndirən nədir?- Ekspertlər danışdı

Bakıda son günlər havanın çirklənməsi ilə bağlı narahatlıqlar artıb. Paytaxt sakinləri havanın keyfiyyətinin aşağı düşdüyünü bildirir, ekoloqlar isə bunun sağlamlıq üçün ciddi risklər yaratdığını vurğulayırlar.

Olaylar.az xəbər verir ki, mütəxəssislərin fikrincə, çirklənmənin əsas səbəbi şəhərdə avtomobillərin çoxluğudur. Xüsusilə köhnə benzin və dizellə işləyən maşınların sayı çoxdur və bu, havaya böyük həcmdə zərərli qaz buraxır. Bundan əlavə, şəhər ətrafında yerləşən sənaye müəssisələrinin tullantıları küləksiz günlərdə Bakı üzərində qalaraq duman effekti yaradır. Şəhərin müxtəlif yerlərində aparılan tikinti işlərinin yaratdığı toz və çirkli hava da problemi daha da dərinləşdirir. Rəsmi qurumlar isə məsələnin həlli üçün müəyyən addımlar atılacağını açıqlayıblar. Köhnə avtomobillərin mərhələli şəkildə istismardan çıxarılması, ictimai nəqliyyatın yenilənməsi və yaşıllıqların artırılması yaxın planlar sırasındadır.

Şəhər sakinləri də gündəlik həyatlarında bu problemin təsirini açıq şəkildə hiss etdiklərini deyirlər. Bir çoxları küçələrdə nəfəs almağın çətinləşdiyini, xüsusilə tıxac zamanı havanın tüstü və qazla dolduğunu bildirir. Hazırda Bakıda hava çirklənməsi göstəriciləri beynəlxalq normadan yüksəkdir. Mütəxəssislər həm vətəndaşları daha diqqətli olmağa, həm də dövlət qurumlarını ekoloji standartların icrasına daha ciddi nəzarət etməyə çağırırlar.

Ekoloqlar bildirirlər ki, bu proses təkcə ətraf mühitə deyil, həm də insanların sağlamlığına ciddi təsir edir. Son illərdə tənəffüs yolları xəstəlikləri, allergiya və astma hallarının artması məhz hava çirklənməsi ilə əlaqələndirilir. Uşaqlar və yaşlı insanlar bu vəziyyətdən ən çox zərər görən qrup sayılır.

Ekoloq Ənvər Əliyev bu barədə Musavat.com-a açıqlamasında bildirib ki,  Bakıda hava çirklənməsi artıq sadəcə şəhər estetikasına deyil, birbaşa olaraq insanların sağlamlığına və uzunmüddətli yaşayış keyfiyyətinə zərbə vurur. Onun sözlərinə görə, bu problem illərdir yığılıb qalan ekoloji siyasətin nəticəsidir:

"Bakının relyefi və iqlim şəraiti səbəbindən bəzi günlərdə havadakı zərərli qazlar yayılmır. Küləksiz hava şəraitində tullantılar sanki şəhərin üzərində örtük yaradır və bu qat günlərlə qalır. Nəticədə həm görmə məsafəsi azalır, həm də şəhər sakinləri istəmədən həmin zərərli qazları nəfəs yolları ilə qəbul edirlər. Bu prosesin birbaşa nəticəsi olaraq son illərdə allergiya, bronxit və astma hallarında artım müşahidə olunur. Məsələ ondadır ki, bu çirklənmə ani təsir göstərmir. İnsan orqanizminə uzunmüddətli təsiri daha təhlükəlidir. Yəni, bugünkü çirkli havanı uşaq nəfəsinə çəkirsə, o, sabahda daha zəif immunitet və davamlı xəstəliklərlə üzləşə bilər".

Ekoloq həmçinin diqqətə çatdırır ki, yalnız avtomobillər deyil, şəhər ətrafındakı sənaye müəssisələrinin də ciddi rolu var:

"Bu müəssisələrin əksəriyyəti köhnə texnologiya ilə işləyir. Filtrlər ya ümumiyyətlə yoxdur, ya da düzgün işləmir. Nəticədə tullantılar birbaşa atmosferə buraxılır. Halbuki inkişaf etmiş ölkələrdə belə zavodların fəaliyyətinə ciddi ekoloji nəzarət tətbiq olunur".

Onun sözlərinə görə, problemin həllinin yeganə yolu ictimai nəqliyyatın inkişaf etdirilməsi və yaşıllıqların artırılmasıdır:
 

"Əgər köhnə avtomobillərin istismarı dayandırılmasa və Bakıda yaşıl zolaqlar genişləndirilməsə, yaxın illərdə paytaxtda havanın keyfiyyəti normadan 2-3 dəfə aşağı düşəcək. Bu isə artıq ekoloji fəlakət sayılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31