Tatarıstanda qanunsuz bank fəaliyyəti ilə məşğul olan qrup saxlanıldı – ÖZƏL
13 Dekabr 2024 11:20 DünyaTatarıstan Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz bank fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən yeddi nəfərlik qrupu saxlayıb. Rəsmi məlumatlara görə, bu şəxslərin cinayət yolu ilə əldə etdiyi gəlir 43 milyon rublu ötüb, dövriyyəsi isə 2,5 milyard rubl təşkil edib.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmisi İrina Volk Telegram kanalında məlumat verib.
İlkin istintaq məlumatlarına əsasən, cinayət sxemi 2023-cü ilin oktyabrından Kazanda fəaliyyət göstərib. Qrup üzvləri arasında rollar bölüşdürülüb: bəzi iştirakçılar müştəri tapmaq və danışıqlar aparmaqla, digərləri isə iri məbləğdə pulların daşınması və sənədlərin saxtalaşdırılması ilə məşğul olublar.
Qanunsuz əməliyyatlar qrupun nəzarətində olan saxta şirkətlər vasitəsilə həyata keçirilib. Nağdlaşdırma xidmətləri üçün müştərilərdən azı 14% komissiya tələb olunub.
Hazırda saxlanılan şəxslərə qarşı Rusiya Cinayət Məcəlləsinin 172-ci maddəsinin 2-ci bəndinə (qanunsuz bank fəaliyyəti) əsasən cinayət işi açılıb. Hüquq-mühafizə orqanları cinayət sxeminin bütün təfərrüatlarını və mümkün iştirakçıları müəyyən etmək üçün istintaqı davam etdirir.