Rəsmi Bakı Ermənistanla normallaşma istiqamətində effektiv addımlar atır- ÖZƏL

"Prezident İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri, Bişkekdə keçirilən "ŞƏT plyus" formatında görüşdə çıxışı Azərbaycanın regional və qlobal siyasətə baxışının əsas istiqamətlərini aydın şəkildə ortaya qoydu. Dövlətimizin başçısı Azərbaycan-Qırğızıstan münasibətlərinin strateji səviyyəsi, Cənubi Qafqazda yeni sülh reallığının formalaşması və beynəlxalq təşkilatların, xüsusilə BMT-nin münaqişələrin həllində rolunun gücləndirilməsinə dair vacib mesajlar verdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Digər Mərkəzi Asiya ölkələri kimi rəsmi Bişkeklə də münasibətlər ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq strateji müttəfiqlik xarakteri daşıdığını göstərir. Dövlət başçımızın da xatırlatdığı kimi, cəmi bir ay əvvəl Qırğızıstana dövlət səfəri zamanı iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. Bu sənəd Bakı-Bişkek əlaqələrinin siyasi-hüquqi əsaslarını daha da möhkəmləndirir. Əslində, Azərbaycanla Qırğızıstan arasında münasibətlərin dinamikası bütövlükdə Azərbaycanın Mərkəzi Asiya siyasətində baş verən dəyişikliklərin mühüm nümunəsidir. Tarixi, milli və mədəni yaxınlıq üzərində qurulan əlaqələr bu gün iqtisadi, investisiya, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıqla genişlənir.

Çıxışın ən mühüm istiqamətlərindən biri, Azərbaycan-Ermənistan münasibətlərinə həsr olunmuş məqamlar idi. Prezident İlham Əliyev Azərbaycanın və Ermənistanın sülh sazişinin mətnini paraflamasını 30 illik münaqişənin başa çatması baxımından mühüm tarixi hadisə kimi qiymətləndirdi. "Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir" deyən dövlət başçımızın bu fikri Azərbaycanın böyük Zəfərdən sonra regionla bağlı yeni strateji yanaşmasının ifadəsidir.

Rəsmi Bakı Ermənistanla normallaşma istiqamətində effektiv addımlar atır. Cənab Prezident də çıxışında Ermənistanla artıq neft məhsullarının tədarükü, üçüncü ölkələrin yüklərinin tranzitinin təmin edilməsi, qarşılıqlı ticarətin genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində iş aparılmasını qeyd etdi. Bu, sülhün praktiki nəticələridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31