ŞƏT Azərbaycanı yalnız tranzit deyil, istehsal mərkəzinə çevirə bilər- ÖZƏL
15:47 Siyasət" Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün ilk növbədə yeni iqtisadi və ticarət imkanları yaradan mühüm platformadır. Təşkilata üzv ölkələrin böyük əhali və iqtisadi potensiala malik olması Azərbaycan məhsullarının yeni bazarlara çıxarılması, idxal-ixrac əlaqələrinin genişləndirilməsi və investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətlidir".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
" Azərbaycanın əsas üstünlüklərindən biri əlverişli coğrafi mövqeyi və Orta Dəhlizdəki roludur. Çin və Mərkəzi Asiyadan Avropaya gedən yüklərin Azərbaycan üzərindən daşınmasının artması ölkənin tranzit gəlirlərini yüksəldə, nəqliyyat və logistika infrastrukturunun inkişafını sürətləndirə bilər. Eyni zamanda, ŞƏT məkanında enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və sənaye sahələrində yeni layihələrin həyata keçirilməsi üçün imkanlar genişdir.
Azərbaycan üçün daha bir mühüm istiqamət Çin və digər Asiya ölkələrindən investisiyaların cəlb edilməsidir. Xüsusilə Ələt Azad İqtisadi Zonası, logistika mərkəzləri, liman və dəmir yolu infrastrukturu xarici investorlar üçün əlavə imkanlar yarada bilər. Bununla yanaşı, Azərbaycan öz qeyri-neft məhsullarının Çin, Mərkəzi Asiya və Cənubi Asiya bazarlarına çıxışını genişləndirə bilər.
ŞƏT həm də Azərbaycanın xarici iqtisadi əlaqələrini şaxələndirməsinə xidmət edə bilər. Azərbaycan ənənəvi Qərb bazarları ilə yanaşı, Asiya istiqamətində də iqtisadi əlaqələrini gücləndirməklə xarici ticarətdə və investisiya siyasətində daha geniş manevr imkanları əldə edə bilər.
Lakin ŞƏT-in yaratdığı imkanlardan maksimum yararlanmaq üçün Azərbaycanın yalnız tranzit ölkə kimi deyil, həm də istehsal və ticarət mərkəzi kimi mövqeyini gücləndirməsi vacibdir. Yəni əsas məqsəd Çindən Avropaya keçən yüklərdən gəlir əldə etməklə yanaşı, bu böyük bazarlara daha çox Azərbaycan məhsulu çıxarmaq və ölkəyə uzunmüddətli investisiyalar cəlb etmək olmalıdır".
Zeynəb Mustafazadə