Süni zəka və bəşəriyyətin gələcəyi: Henri Kissincer yeni müharibə təhdidləri və risklər haqqında

Kamal Adıgözəlov

İki il bundan öncə süni intellekt və bəşəriyyətin inkişafının yeni mərhələsi mövzusunda maraqlı bir kitab nəşr olundu. Üç müəllifin (Henri Kissincer, Erik Şmidt, Daniel Hattenloker) qələminin məhsulu olan kitab qısa müddətdə bestsellerə çevrildi və bir neçə dilə tərcümə edildi. Əsərdə müəlliflər müasir dünyanın geosiyasi dinamikası baxımından əhəmiyyətli olan bir sıra problemləri analiz ediblər. Analiz süni zəka əsasında yaradılan yeni silahlara nəzarət kontekstində aparılıb. Vurğulanır ki, əgər süni zəkanın hərbi sahəyə tətbiqi indiki temp və miqyasla davam edəcəksə, dünyanı ciddi təhlükələr gözləyir. Onların qarşısının alınması konsepsiyası isə yox dərəcəsindədir. Bu səbəbdən çıxış yolu kimi öncə problemin fəlsəfəsini işləyib hazırlamaq təklif olunur. Biz bu məqamları nəzərə alaraq, kitabda əksini tapmış dünya nizamı və təhlükəsizliyi ilə bağlı fikirlərin üzərində geniş dayanmağa ehtiyac gördük.

Yeni texnologiyalar və köhnə təhlükəsizlik problemləri: çıxış yolu axtarılmalıdır

H.Kissincer, E.Şmidt və D.Hattenlokerin həmmüəllifliyi ilə 2021-ci ildə nəşr olunan "Süni zəka çağı: insanın gələcəyi" adlı kitab çox böyük maraqla qarşılandı. Bu, təsadüfi deyildi. Çünki H.Kissincer Qərb geosiyasətinin patriarxlarından biri, realpolitik nəzəriyyəsinin "atası"dır. E.Şmidt və D.Hattenloker isə müasir texnologiyalar üzrə tanınmış mütəxəssislərdir. Buna görə də üç müxtəlif sahənin mütəxəssislərinin ortaq maraq dairəsinə daxil ola bilən məsələlər insanı düşündürür. Kitabı oxuduqca, müəlliflərin böyük ustalıqla elmi maraqlarını uyğunlaşdırdıqlarına əminlik yaranır.

Müəlliflər elmi kəşflərin geosiyasi kontekstinə inkişaf və təhlükəsizlik aspektlərində yanaşaraq, yeni texnologiyaların ixtirası və tətbiqinin dinamikasına elmi fəaliyyətlərin qlobal təsirləri müstəvisində baxırlar. Bununla da kitabın məntiqi quruluşu bütövləşmiş olur: müasir dünyamızda texnoloji inkişaf qlobal miqyasda dövlətlərin təhlükəsizliyinin təmininə necə təsir edir və bu prosesin qlobal əks-sədası nələrdən ibarətdir?

Bizim üçün bu məqalədə H.Kissincerin qələmə aldığı beşinci fəsil maraq kəsb edir. Həmin fəsil "Təhlükəsizlik və dünya nizamı" adlanır. H.Kissincer məsələyə insan intellekti-süni intellekt-yeni informasiya texnologiyaları-təhlükəsizliyin təmini kontekstində yanaşır. Bunun üçün öncə o, nüvə dövründən əvvəlki mərhələnin təhlükəsizliklə bağlı bir sıra özəlliklərinə nəzər salır. H.Kissincerə görə, həmin dövrdə yeni silahlar meydana gələndə, hərbçilər onu öz arsenallarına daxil edir, strateqlər isə doktrinalar hazırlayırdılar. Nüvə silahının meydana gəlməsi ilə bu bağlantı pozuldu. Bu silahın böyük dağıdıcı gücə malik olması təhlükəsizlik doktrinasının hazırlanmasına ciddi maneələr törətdi. Çünki böyük dövlətlər ümumi marağa xidmət edən razılaşmalar əldə edə bilmirlər. Bundan başqa, razılaşma məqamlarına nəzarət mexanizmi də səmərəli olmaya bilir. Buna görə də "nüvə çəkindirməsi" adlanan və daha çox psixoloji təsirə malik strategiya hazırlandı. Onun başlıca məqsədi qarşı tərəfi nüvə silahını tətbiq etməkdən çəkindirməkdir. Arqument kimi isə dünyanın nüvə silahı ilə məhv ola biləcəyi ehtimalının yüksək olması göstərilirdi.

Bu ümumi fəlsəfi-psixoloji baza üzərində "silahlar üzərində nəzarət mexanizmi" işləndi. H.Kissincer bu fikirləri ifadə etdikdən sonra süni intellektin hərbi sahəyə tətbiqi fonunda silahlara nəzarət, onların yayılmaması və təhlükəsizliyin təmin edilməsi kimi bu gün aktual olan məsələləri analiz edir. Və yazır ki, burada əsas şərt ondan ibarətdir ki, nüvə silahı, bilik və uyğun texnologiyalar onlara malik olan ölkələrin sərhədlərindən kənara yayılmamalıdır. Bəşər tarixində bugünkü kimi silahlara nəzarət mexanizmi hazırlanmamışdı. Baxmayaraq ki, əvvəlki nəzarət sistemləri də tam işlək deyildi. H.Kissincerin qənaətinə görə, müasir mərhələdə nəzarətin tam işləməsi ehtimalı çox azdır. Bunu faktlar da təsdiq edir. Bununla bağlı H.Kissincer bir çox nümunələr gətirir.

Kibernetik texnologiyalara və süni intellektə əsaslanan yeni silahların heç biri üçün tam səmərəli nəzarət mexanizmi işlənib hazırlanmadığından yeni silah növlərinə malik ölkələrin sayı durmadan artır. Onlara nəzarət isə ciddi çətinliklərlə üzləşir. Onlardan biri kibersilahların mövcud balansı təmin etməkdə daha mücərrəd rol oynaması ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, ölkələrin heç də hamısının kibersilah potensialı şəffaf və nəzarət oluna bilən səviyyədə deyildir. Bu isə, necə deyərlər, "kimdə hansı silahdan hansı miqdarda vardır?" sualını aktuallaşdırır. Eyni zamanda, ümumi mənzərəyə qeyri-müəyyənlik gətirir. Deməli, kibersilahların statusu müəyyən mənada aydın deyildir. Digər tərəfdən, adi silahlar və nüvə silahı mənəvi və hüquqi olaraq hərbi obyektlərə və qüvvələrə qarşı işlənməyi nəzərdə tutur. Kibersilahlar isə geniş miqyasda təsir edir. O, hesablama və kommunikasiya şəbəkələrini və mülki sistemləri məhv edə bilir. H.Kissincer buradan belə nəticə çıxarır ki, kibersilahları səmərəli edən keyfiyyətlər praktiki olaraq onun nəzarəti məsələsini mümkünsüz edir.

Əmr edir süni zəka! İnsan intellekti acizdir?

Bundan başqa, süni intellektin hərbi sferaya tətbiqi ideya və strategiyaları yeniləşdirir. Süni intellekti tətbiq etmək imkanı olan ölkələr misilsiz dərəcədə üstünlük əldə edirlər. Və burada iki istiqamət aktuallaşır.

Birincisi, süni intellekt ənənəvi strategiya və taktikaları dəyişmək imkanı yaradır.

İkincisi, süni intellekt vasitəsilə kibersilahlar və ənənəvi silahlar üzərində nəzarəti təmin etmək olar. Bu halda süni intellekt sistem kimi avtonom fəaliyyət göstərmək imkanı əldə edir. Məsələn, artıq ABŞ-da µZero süni intellekt sistemləri təyyarələrdə uça və radar sistemlərini idarə edə bilirlər. Bu kimi məqamlarda risk əmələ gətirən situasiyalar yaranır.

Deyək ki, süni intellekt hər hansı müasir silaha, məsələn, pilotsuz uçuş aparatlarına (PUA) inteqrə olunur. Onlar da sürü halında hərbi əməliyyata çıxırlar. Yerdən əmr verilmədən həmin uçuş aparatları bir-birini idarə edə bilirlər. Buna "arı effekti" də deyirlər. Hərb meydanında elə vəziyyət yarana bilər ki, çoxlu sayda silah yerdən əmr almadan avtonom idarəyə keçə bilər. Onda hansı məqamda hansı addımın atılacağı və süni intellektin hansı qərarı qəbul edəcəyi qeyri-müəyyən qalır. Mütəxəssislər əmindirlər ki, belə bir vəziyyətdə süni intellekt qələbə naminə çox kəskin qərarlar verə bilər və böyük miqyasda nüvə müharibəsi və ya kibermüharibə başlayar.

Bunlarla yanaşı, süni intellektlər əks tərəfin bilmədiyi məntiq və alqoritmlə qərar qəbul etdiyindən, qarşı tərəf üçün qeyri-müəyyənlik və risk mənbəyidir. Süni intellektin qərar qəbuletmə sürəti insanı bir neçə dəfə qabaqlayır.

Buradan belə alınır ki, süni intellekt, faktiki olaraq, dünya müharibəsi yarada bilər. Bəs buna nəzarət etmək mümkündürmü? H.Kissincer yazır ki, məsələ də məhz bundan ibarətdir. Çünki hələlik heç bir nəzarət sistemi yoxdur. Bu isə dünya üçün təhlükə deməkdir. Həmin kontekstdə H.Kissincer süni intellekt bazasında hazırlanmış silahların qanunsuz və nəzarətsiz yayılması məsələsinin ciddi olaraq meydana çıxdığını vurğulayır.

Məsələ ondadır ki, dünyada bu cür silahları ələ keçirməyə can atan terror qruplaşmaları mövcuddur. Onların hamısına nəzarət etmək imkansızdır. Buna görə də yeni bir silahın dünyanın hansı regionunda hansı terror qrupunun əlinə keçəcəyini proqnozlaşdırmaq mümkünsüzdür. Məsələn, kiçik nüvə silahları ilə bağlı bir neçə dəfə bu cür təhlükələr meydana gəlib. Nüvə tullantılarının qanunsuz dövriyyəsi də həmin qəbildən olan təhlükələr sırasındadır.

Bunlarla yanaşı, süni intellektlə insan intellektinin hərbi məqsədlərlə birləşməsi xüsusi risk meydana gətirir. Bu halda daha mükəmməl silahlar, taktika və strategiya hazırlamaq imkanı xeyli artır. Yüksək intellektə malik insanla süni intellektin hibridi kifayət qədər təhlükəli situasiyalar meydana gətirə bilər. Artıq dünyanın bir sıra inkişaf etmiş ölkələrində bu istiqamətdə kifayət qədər həssas addımlar atılır.

Bütün bunlara görə də, H.Kissincer hesab edir ki, "qüvvələrin kiberbalansı" və ya "süni intellektin çəkindirilməsi" məsələləri öz həllini tapmalıdır. Çünki bu anlayışların özlərinin mənası və məzmunu hələ tam aydın deyildir. Buradan isə H.Kissincer maraqlı qənaətə gəlir: müasir dünyanın yaşam və təhlükəsizlik fəlsəfəsi işlənib hazırlanmalıdır! Ancaq hazırda "müasir fəlsəfə yoxdur"!

"Süni intellekt və kibersilahlar dövründə dünya necə olmalıdır?" sualının tutarlı və inandırıcı fəlsəfəsi mövcud deyildir. Ola bilsin ki, H.Kissincer fəlsəfi kontekstdə rəngləri bir qədər tündləşdirir. Lakin o, bir məqamda tam haqlı görünür. Belə ki, müasir mərhələdə həqiqətən də elə bir fəlsəfi sistem yoxdur ki, təşəbbüsü ələ alsın, yəni, əksəriyyət tərəfindən qəbul edilsin. Məsələn, öz dövründə Kant və ya Hegel fəlsəfəsi qəbul edildiyi kimi. Lakin fakt faktlığında qalır: hazırda fəlsəfələrin və fəlsəfi ideyaların sayı çoxdur və onların müstəvisində H.Kissincerin qoyduğu məsələ həllini tapa bilmir.

Belə çıxır ki, kitabda təhlükəsizlik aspektində kitabın müəllifləri üçün meydana çıxmış problemlərin həllinə uyğun fəlsəfi sistemin yaradılmasından başlamaq lazımdır. Bu, çox maraqlı qənaətdir və üzərində intellekt sahiblərinin düşünməsi gərəkdir!

Şübhəsiz, vurğuladığımız kitab olduqca aktual, əhəmiyyətli və maraqlıdır. Onun dərindən öyrənilməsi gərəkdir. Bu kitabın müstəqil Azərbaycanda elmin inkişafına töhfəsi yüksək ola bilər. Və onun Azərbaycan dilinə tərcüməsi də vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31