Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur
12:00 Sosialİstiqamət: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Vətənpərvərliyin dərin və tarixi kökləri vardır. Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir. Hər bir adamın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalıdır, Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, " xəmirimiz" vətənə məhəbbət hissi ilə "yoğrulmalıdır". Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb , bağçada , məktəbdə davam etməli , cəmiyyətdə formalaşmalıdır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır. Müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət, onun müvafiq orqanları, təşkilatları, rəhbər şəxsləri və hər bir Azərbaycan vətəndaşı qarşısında böyük məsuliyyət yaradır. Yüksək milli ruhun mövcudluğu ölkənin gücünün əsas meyarıdır. Ölkədə vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi onun gəncləridir.
1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, Qarabağda separatçılıq meyillərinin alovlandırılması və erməni silahlı birləşmələrinin törətdiyi qanlı təxribatlar xalqımızı ağır sınaqlar qarşısında qoydu. Doğma yurdlarını müdafiə etmək üçün minlərlə Vətən övladı silaha sarıldı, Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda qəhrəmancasına mübarizə apardı, vətənpərvərlik nümunəsi göstərdi. Bu mübarizənin şanlı səhifələrini yazan igidlərdən biri də şəhid Muradov Arzu İsa oğlu olmuşdur. Muradov Arzu İsa oğlu 21 iyul 1973-cü ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olub. 1980-ci ildə Şəfəqli kənd tam orta məktəbində təhsil almağa başlamış, 1990-cı ildə həmin məktəbi uğurla başa vurub. Təhsilə olan marağını davam etdirərək 1992-ci ildə İqtisadi Əlaqələr Kollecinin Hüquq fakültəsinə qəbul olunub. Vətən torpaqlarının işğal altında olduğu, cəbhədə ağır döyüşlərin getdiyi bir dövrdə Arzu Muradov da minlərlə vətənpərvər gənc kimi hərbi xidmətə yollanmışdır. O, 24 mart 1995-ci ildə hərbi xidmətə Qusar rayonundan başlamış, daha sonra Tərtər rayonunun İsmayılbəyli kəndi istiqamətində xidmətini davam etdirmişdir. Manqa komandiri kimi döyüş yoldaşları arasında cəsarəti, intizamı və qətiyyəti ilə seçilmişdir. 1996-cı il oktyabrın 12-də Tərtər rayonunun Qazyan kəndi istiqamətində gedən döyüşlər zamanı Vətən uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Onun ömür yolu qısa olsa da, Vətənə sədaqət, xalqına sonsuz məhəbbət və qəhrəmanlıq nümunəsi ilə yadda qalmışdır. Şəhid Muradov Arzu İsa oğlunun məzarı doğulduğu Yardımlı rayonunun Şəfəqli kənd qəbiristanlığındadır. Əziz xatirəsi ailəsinin, doğmalarının və bütün Azərbaycan xalqının qəlbində daim yaşayır. Onun göstərdiyi şücaət gələcək nəsillər üçün Vətən sevgisinin, vətənpərvərliyin və qəhrəmanlığın parlaq örnəyi olaraq qalacaqdır.
Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur- deyiblər ulularımız. Bu hiss Vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Mahmud Mayıllıdır. Mahmud Əflatun oğlu Mayıllı 2002-ci il 12 iyul tarixində Yardımlı rayonunun Avaş kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Mahmud Mayıllı Bakıda hərbi xidmətdə olub, oradan könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə yollanıb. 2020-ci ilin 12 oktyabr tarixində sonuncu dəfə ailəsi ilə əlaqə saxlayıb, 13.10.2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olub. 30 noyabr tarixində doğulduğu kənddə dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün "Vətən uğrunda" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan vətənpərvər gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Azərbaycanlı olan hər kəs, bu Vətənin hər bir övladı, Azərbaycanımızın gələcəyi üçün əlindən gələni etməyə hazır olmalıdır. Son illərdə Azərbaycan Ordusunun gündən-günə güclənməsi, yeni müasir silahlarla təchiz edilməsi, qoşun, birlik və birləşmələrin keçirilən hərbi təlimlərdə yüksək döyüş hazırlığı göstərməsi, ölkəmizin hərbi qüdrətinin dünyada artması Vətənimizin etibarlı əllərdə olduğunu deməyə əsas verir. Azərbaycan Ordusunun gücünü isə onun xalqına, dövlətinə sədaqəti və Vətəninə sevgisi təşkil edir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.