Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb- ÖZƏL

"Zəfərin zirvəsindən sülhə doğru"

21 sentyabr -Beynəlxalq Sülh Günü münasibətilə "Sülh Aylığı" çərçivəsində Füzuli Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Füzuli Rayon Təşkilatının və Füzuli Gənclər Evinin birgə təşkilatçılığı ilə "Zəfərin zirvəsindən sülhə doğru" mövzusunda tədbir keçirilib. İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    
Tədbiri giriş sözü ilə açan YAP Füzuli Rayon Təşkilatının sədri Nazimə Şamıyeva çıxışında Azərbaycan xalqının tarix boyu haqsızlıqla barışmadığını, ədalət uğrunda mübarizə apardığını bildirib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və Azərbaycanın suverenliyinin tam bərpası dövlətimizin gücünü, xalqımızın əyilməz iradəsini və milli birliyini bütün dünyaya nümayiş etdirib. Xalqın  Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında "Dəmir yumruq" kimi birləşməsi Qələbənin əsas amillərindən biri olub. Nazimə Şamıyeva vurğulayıb ki, Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb, hər zaman sülh, əməkdaşlıq və mehriban qonşuluq münasibətlərini dəstəkləyib. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, "Böyük Qayıdış" proqramı regionda sülh və inkişafın təmin olunmasına xidmət edir. Çıxışında Azərbaycanın beynəlxalq hüquq norma və prinsiplərinə hörmət edərək regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarı olduğunu qeyd edən Nazimə Şamıyeva bildirib ki, Zəfərdən sülhə uzanan yol Azərbaycanın güclü dövlət kimi regionda sabitliyin və uzunmüddətli sülhün əsas təminatçılarından biri olduğunu göstərir. Sonda şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, qazilərə möhkəm cansağlığı arzulanıb və Qarabağda üçrəngli bayrağımızın əbədi dalğalanacağı vurğulanıb.
    
Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ülkər Bayramlı çıxış edərək Zəfərin tarixi və siyasi əhəmiyyətindən, Füzuli rayonunun işğaldan azad edilməsinin xüsusi önəmindən bəhs edib. O, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin, eləcə də Böyük Qayıdış prosesinin Azərbaycanın sülh və inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu vurğulayıb.
    
Tədbirdə Füzuli Gənclər Evinin əməkdaşı Elnur Şirinov, I Qarabağ müharibəsi qazisi Ədalət Sərkərov, Vətən müharibəsi qazisi Vüqar Nəbiyev, Şəhid anaları Sevinc Əhmədova və Pakuzə Məmmədova çıxış ediblər. Çıxışlarda Vətən müharibəsində əldə olunan tarixi Qələbənin Azərbaycan xalqının milli iradəsinin, həmrəyliyinin və qəhrəmanlığının təntənəsi olduğu qeyd olunub. Qazilər keçdikləri döyüş yolundan, Vətən uğrunda göstərilən qəhrəmanlıqlardan və Zəfərin yaratdığı qürur hissindən söz açıblar.
    Sonda bildirilib ki, Azərbaycanın əldə etdiyi tarixi Zəfər regionda davamlı sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Zəfərdən sülhə uzanan yol Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və gələcəyə olan inamını nümayiş etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31