Yeni təhlükəsizlik arxitekturasına doğru: ssenarilərin rəqabəti

Hazırkı mürəkkəb tarixi mərhələdə siyasi dairələr, politoloqlar və ekspertlər qlobal təhlükəsizlik sisteminin formalaşdırılması zərurətindən daha çox bəhs etməyə başlayıblar. Bu məsələyə onlar, adətən, yeni dünya nizamının dayanıqlılığı kontekstində yanaşırlar. Lakin, birincisi, yeni dünya nizamı hələ formalaşmayıb və bəzi hallarda, ümumiyyətlə, "dünya düzəni" anlayışının qeyri-müəyyən olduğu tezisi irəli sürülür (məsələn, Henri Kissincer), ikincisi, dünyanın təhlükəsizliyinin təmin edilməsinin konkret parametrləri heç də dövlətlərin hamısı tərəfindən qəbul edilməyib. Əvəzində, fövqəlgüclər arasında daha amansız rəqabət mərhələsi bəşəriyyəti narahat edir. Lakin hər nə olursa-olsun, insan zəkası bu böhranlı vəziyyətdən xilas yolları axtarmağı davam etdirir. Bu kontekstdə biz, dünya təhlükəsizliyinin təmininin aktual hesab etdiyimiz bir sıra məqamları üzərində dayanmaq istərdik.

XX əsrdən sonra: qlobal geosiyasi proseslərdə təhlükəsizliyin aktuallığı

Müasir geosiyasi tədqiqatlarda dünyanın təhlükəsizliyi məsələsi daha aktual mövqedə göstərilir. Tədqiqatçılar və ekspertlər hesab edirlər ki, XX əsrin sonlarından başlayan və getdikcə daha çox sayda risk və təhdidləri meydana gətirən trendlər dayanıqlı meqatrendlərə çevrilirlər. Və hətta bir sıra məqamlarda bir-biri ilə sintez edərək dayanıqlı və geridönməz meyilləri yaradırlar. Bu son dərəcə təhlükəli prosesin XX əsrdən başlayan köklərinə nəzər salsaq, bir sıra maraqlı qənaətlərə gələ bilərik.

Hələ XX əsrin 70-80-ci illərində filosoflar, tarixçilər, sosioloqlar və futuroloqlar dünyanın qlobal miqyasda təhlükəsizliyinin təmini üçün nəticələr verə bilən formulun tapılmasının lazımlılığını israrla vurğulayırdılar. Bu dalğa üzərində Henri Kissincer, Zbiqnev Bjezinski, Samuel Hantinqton, Frensis Fukuyama, Cozef Nay (kiçik), Corc Fridman kimi nüfuzlu strateqlər konkret tezislər irəli sürürdülər. Onların sırasında H.Kissincerin "bütöv birlik" nəzəriyyəsi, Z.Bjezinskinin "yeni dünya nizamı", yaxud "yeni tipli ABŞ hegemonluğu" doktrinası, S.Hantinqtonun "sivilizasiyaların toqquşması" konsepsiyası, F.Fukuyamanın "tarixin sonu" nəzəriyyəsi, C.Nayın "yumşaq güc" anlayışı, C.Fridmanın "çoxehtimallı təkamül" ideyası daha çox maraq doğurmaqla yanaşı, Qərb siyasi şüurunda yeni geosiyasi situasiyanın qeyri-müəyyən təsəvvür edildiyini də ifadə edirdi.

Aydın olan bir məqam o idi ki, qlobal miqyasda aparıcı və müəyyənedici geosiyasi proseslər tədricən "Qərbdən Şərqə doğru keçid edir". Bunun özlüyündə meydana yeni risklər və təhdidlər çıxaracağını da proqnozlaşdırıb iki səbəbini göstərirdilər. Birincisi, ABŞ başda olmaqla, kollektiv Qərb liderliyi əldən verməmək üçün hər şeyi edəcək, bu və ya digər strategiyaların ən yaxşı variantları haqqında düşünəcək. Bu proqnoz XXI əsrin üçüncü onilliyinə qədər özünü tam doğruldur.

İkincisi, real olaraq qlobal geosiyasi proseslərin dinamikası, ümumi mənzərənin transformasiyası bütövlükdə qeyri-müəyyənliyini, çoxehtimallılığını və riskliliyini qoruyub saxlayacaq. Bu proqnoz da bu günə qədər özünü doğrultmuş kimi görünür.

Vurğulanan hər iki tezis hazırkı geosiyasi mərhələdə qlobal miqyasda bütün dünya üçün ciddi təhlükələrin mövcudluğunu göstərir. Bu vəziyyət fövqəlgüclərin yeni liderlik uğrunda apardıqları amansız və güzəştsiz mübarizənin fonunda daha düşündürücü təsir bağışlayır. Məsələ ondan ibarətdir ki, indi özlərini dünyanın aparıcı gücləri hesab edən dairələr - ABŞ, Avropa İttifaqı ölkələri, Rusiya və Çin demək olar ki, bütün sferalarda mübarizə aparırlar. Həmin istiqamətləri təsnifatlandırmaq olar.

Ön sırada silahlanma gəlir. Bu istiqamətdə ABŞ, Rusiya və Çin arasında əsl rəqabət başlayıb. Onlar özlərinin ən yeni silahlarını dünyaya nümayiş etdirir və bir-birini hədələyirlər. Bu prosesdə Rusiya ilə Çin ABŞ-a və müttəfiqlərinə qarşı çıxış edirlər. Lakin mənzərə bununla məhdudlaşmır. Müəyyən mənada "təhdidedici, riskli, şantajçı və təhrikedici" kimi xarakterizə edə biləcəyimiz addımları "aparıcı üçlüyə" daxil olmayan ölkələr də atırlar. Onların önündə Şimali Koreya gəlir, sonra İrandır.

Bununla qlobal geosiyasi meydanda silahlanma aspektində kifayət qədər mürəkkəb və ziddiyyətli mənzərə formalaşıb. Digər məqam fövqəlgüclərin informasiya savaşını yeni mərhələyə yüksəltmələri ilə bağlıdır. Bu istiqamətdə daha təhlükəli tendensiyalar özünü göstərməkdədir. Belə ki, aparıcı güclər rəqəmsal texnologiyaların imkanlarından informasiya savaşında geniş istifadə edirlər. Bu isə sərhəd tanımır və getdikcə adi insanların həyatını belə əhatə edir. Bu məqam təhlükəsizlikdə fərdi miqyasla kollektiv miqyas arasında məsafənin çox qısaldığını göstərir.

Növbəti təhlükəli tendensiya iqtisadi-ticari aspekti əhatə edir. Bu sfera xüsusilə Amerika-Çin xəttində özünü göstərir. Okeanın o tayından tez-tez Çinin ABŞ-ı ötüb keçəcəyi və bunun böyük təhlükə olduğu (niyə təhlükə olduğu anlaşılmır) barədə fikirlər səsləndirilir. Buna qarşı müxtəlif addımlar atılır. Müəyyən mənada Avropa da Vaşinqtona dəstək verir. Lakin Rusiya və Çin bu tendensiyaya qarşı dururlar.

Belə görünür ki, iqtisadi-ticari rəqabət getdikcə daha da intensivləşəcək və yeni çalarlar əldə edəcək. Bu baxımdan həmin rəqabətin terror, təxribat, yeni münaqişələrin yaradılması və s. kimi müstəvilərə sıçraması daha riskli görünür. Bunun nümunəsi kimi ekspertlər nəzəri və praktiki aspektlərdə özünü göstərən iki məqamı vurğulayırlar.

Föqəlgüclərin yeni savaşı: daha həssas situasiyada qeyri-müəyyənliklər

Birincisi, Qərb və Çin "yeni sabitlik və təhlükəsizlik qövsünə" daxil edilən "regional birliklər" formalaşdırır və geosiyasi mənafelərin təmin olunması üçün bütün imkanlardan istifadə edilməsinə yönəldilmiş fəal siyasət yürüdəcəklərini bəyanlayırlar. Məsələn, Amerika "daha təhlükəsiz və sabit" Asiya-Sakit okean regionu "yaradır" ki, bu da Atlantik okeanını, Sakit okeanı, Cənubi Çin dənizini və Uzaq Şərqin əsas dövlətlərini su yolu marşrutu üzrə əhatə edir. Qərbin başqa yeni regional layihəsi "üç dəniz təşəbbüsü" və "üç dəniz sistemi" konsepsiyalarıdır. "Üç dəniz təşəbbüsü" Avropanın 12 dövlətinin (Avstriya, Çexiya, Slovakiya, Xorvatiya, Macarıstan, Sloveniya, Rumıniya, Bolqarıstan, Polşa, Latviya, Litva və Estoniya) ortaq hərəkət etməsini nəzərdə tutur. O, Adriatik, Baltik və Qara dəniz sahili ölkələrinin əhatə etdiyi geosiyasi məkana aiddir. Ekspertlər bunun, əsasən, Rusiyaya qarşı olduğunu vurğulayırlar.

"Üç dəniz sistemi"ndə isə Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi məkanındakı su marşrutları üzrə vahid geosiyasi məkan kimi qəbul edilir. Onu əsaslandırmaq üçün vurğulanan geosiyasi məkanda mədəniyyət ortaqlığı (başlıca olaraq xristian mədəniyyəti nəzərdə tutulur - müəllif) və ona qarşı İslam "radikalizminin" dayanması göstərilir. Yəni, faktiki olaraq, dolayı yolla müsəlman dünyasına qarşı birgə mübarizəyə çağırış edilir.

Çin də öz növbəsində "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində regionallaşma layihələrini həyata keçirir. Eyni zamanda, Amerikanın Sakit okean, Cənubi Çin dənizi arealında reallaşdırmaq istədiyi regional layihələrə alternativlər hazırlayır. Bunların fonunda Rusiyanın "rus dünyası" yaratmaq istiqamətində fəaliyyəti diqqəti çəkir. Lakin təhlükəlisi odur ki, ABŞ, Çin və Rusiya bir-birlərinin region ideyalarını qəbul etmirlər. Bu isə qlobal miqyasda kəskin ziddiyyətlər yaradır, yeni risklər ortaya çıxarır.

2020-ci ildən başlayaraq dünya təhlükəsizliyinə yeni növ koronavirus (COVID-19) pandemiyasından qaynaqlanan riskli vəziyyət təsir etməyə başlayıb. Ekspertlər bu bağlılıqda kommunikasiya dinamikasında geriləmənin meydana gəlməsini daha çox vurğulayırlar. Bu, bütövlükdə, qlobal əlaqələrdə dinamikaya mənfi təsir edib. Dövlətlər arasında müəyyən problemlər meydana çıxarıb. Məsələn, COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməməsi, peyvəndlərin paylanmasında ədalətsizliyə yol verilməsi, dünyada "peyvənd millətçiliyi"nin geniş vüsət alması hətta BMT-də belə müzakirə olunur.

Pandemiyanın siyasi və geosiyasi aspektdə yaratdığı problemlər sırasında işsizlərin sayının daha da artmasını, dünya üzrə sosial-psixoloji gərginliyin yüksəlməsini, yoxsulluğun daha da yüksəlməsini və insanlar arasında ünsiyyətin etik çərçivədən kənara çıxmasını göstərirlər. Qəribədir ki, bu proses nəinki səngimir, hətta bir sıra aspektlərdə daha da kəskin forma alır ki, bu da ekspertləri dünyanın vahid təhlükəsizlik sistemində birləşməsi şansının azalması tezisini irəli sürməyə vadar edir.

Beləliklə, yuxarıda vurğulanan məqamlardan geosiyasi kontekstdə belə nəticə çıxara bilərik ki, XXI əsrin gəlişi qlobal təhlükələri nəinki azaldıb, hətta onu yeni riskli çalarlarla "zənginləşdirib". İndi dövlətlərarası münasibətlərdə müxtəlif xarakterli problemlər özünü göstərir. Onların hüquqi aspekti isə getdikcə daha da aktuallaşır. Beynəlxalq hüquq normalarına əməl etmək istəyənlərin sayı azalır. Ekspertlər Yalta-Potsdam sisteminin dəyişdirilməsi vaxtının yetişdiyindən bəhs edirlər.

Başqa məqam kimi Rusiya-Ukrayna münaqişəsi və BMT-nin Təhlükəsizlik Şurasında islahatların aparılması zərurəti göstərilir. Bu istiqamətdə həyəcan təbili hələ keçən əsrin 80-90-cı illərindən çalınır. Lakin hələ də konkret nəticə yoxdur.

Nəhayət, mütəxəssislər mövcud risklərin və təhdidlərin fonunda, bütövlükdə, geosiyasətin humanitarlaşmasına ciddi ehtiyacın olduğuna diqqət yetirirlər. Bu, maraqlı məqam olsa da, hələlik nəzəriyyə səviyyəsində qalmaqdadır. Reallıqda isə fərqli proseslər getməkdədir. Təəssüf ki, həmin proseslərin məzmunu və xarakteri dünyanın təhlükəsizliyindən ciddi narahat olmağa sövq edir. Tunelin sonunda işıq hələ görünmür...

Kamal Adıgözəlov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31